İngiltərə nəhəngi Arsenal Türkiyə millisinin gənc ulduzu Arda Güler üçün rekord təklif hazırlayır.
Musavat.com xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumata görə, London klubu futbolçunun transferi üçün Real Madridə 90 milyon avro ödəməyə hazırdır.
İddialara əsasən, “Arsenal”ın baş məşqçisi Mikel Arteta hücum xəttində yaradıcılığı artırmaq üçün Arda Güləri əsas hədəf seçib. Klubun transfer üçün böyük büdcə ayırdığı və yaxın günlərdə rəsmi addım atacağı bildirilir.
Məlumatda o da qeyd olunur ki, İngiltərə təmsilçisi gənc futbolçunu razı salmaq üçün illik 12 milyon avro maaş təklif etməyə hazırlaşır. “Arsenal”ın Ardaya komandanın əsas oyunçularından biri kimi rol vermək istədiyi vurğulanır.
Arda Gülərin “Real Madrid”dəki gələcəyi son aylarda tez-tez müzakirə olunur. Gənc futbolçunun məhdud oyun vaxtı aldığı və bu səbəbdən Avropanın bir sıra nəhəng klublarının diqqət mərkəzinə düşdüyü bildirilir. Xüsusilə Premier League təmsilçilərinin onun vəziyyətini yaxından izlədiyi qeyd edilir.
Hazırda əsas sual Arda Gülərin karyerasını Madrid klubunda davam etdirib-etdirməyəcəyidir. “Arsenal”ın hazırladığı iddia olunan təklifdən sonra gözlər həm “Real Madrid” rəhbərliyinə, həm də türk futbolçunun qərarına yönəlib.
Musavat.com