“Əl-Nəsr” futbol klubu son saniyələrdə buraxdığı qolla çempionluğu rəsmiləşdirmək şansını əldən verib.
Musavat.com xəbər verir ki, Al Hilal ilə keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb və matçdan sonra Cristiano Ronaldonun göz yaşları gündəm olub.
Məlumata görə, “Əl-Nəsr” görüşün sonlarına qədər 1:0 hesabı ilə öndə olub. Lakin oyunun bitməsinə cəmi 15 saniyə qalmış qapıçı Bentonun səhvi komandaya baha başa gəlib və “Əl-Hilal” hesabı bərabərləşdirib. Bununla da “Əl-Nəsr” çempionluğu vaxtından əvvəl təmin etmək imkanını itirib.
Bu nəticədən sonra “Əl-Nəsr” xalını 83-ə yüksəldib. Komanda çempionluq uğrunda üstünlüyünü qorusa da, taleyi növbəti turun nəticəsinə qalıb. Bildirilir ki, mavi-sarılar gələn həftə səfərdə Damac FC üzərində qələbə qazanacağı halda çempionluğu rəsmiləşdirəcək.
Matçdan sonra ən çox diqqət çəkən məqam isə Kriştiano Ronaldonun yaşadığı emosional anlar olub. Final fitindən sonra portuqaliyalı ulduzun göz yaşlarını saxlaya bilmədiyi, meydanda uzun müddət məyus vəziyyətdə qaldığı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Ronaldonun bu halı azarkeşlər arasında da geniş müzakirələrə səbəb olub. Sosial mediada bəzi istifadəçilər dünya ulduzunun görüntülərinə “Sən bu vəziyyətə düşəcək adam idin?” kimi şərhlər yazıblar.