AZ

Buradakı tək təsəlli dünyadakı əzabların bir gün bitəcək olmasıdır... - Uşaq qəbiristanlığından reportaj

Kulis.az lent.az-a istinadən Sifayə Abbasın Sumqayıtdakı uşaq qəbiristanlığından "Xlor zavodunun qurbanları" reportajını təqdim edir.

Sumqayıtdakı uşaq qəbirstanlığına gedirik. Bura adi qəbirstanlıq deyil. Buradakı insanları təkcə ölüm birləşdirmir, onların hamısı eyni talenin qurbanlarıdır.

Haşiyə: Bu məzarlıq Sumqayıtda kimya zavodlarının birində “lindan” sexi (xlor) deyilən müəssisə işə düşəndən sonra yaranıb. Orada çalışan işçilərin uşaqları kimyəvi maddələrin təsirindən xəstə, şikəst olaraq dünyaya gəliblər. Məhz o səbəbdən də bu qəbistanlıq salınıb.

Avtomobildən düşüb, qəbirstanlığın sonuna doğru piyada gedirəm. Bir nəfər görürəm, qara paltarlı, 50-55 yaşlarında kişi - məzarın başında dua oxuyur. Sakitcə durub baxanda, “ata” dediyini eşidirəm. Duasını bitirib, atasının qara mərmərdən olan məzarını su ilə yuyub, təmizləyir. Yolumuza davam edirik.

Burada ən günahsız kəslər yatır, amma yatışmır şəhərin səs-küyü, onlarsa, oyanmırlar. Mayın bir günü göydən alov tökülür bu unudulmuş yerə. Qəbirstanlığın girişindən axırına kimi başqa fəsil yaşanır burada. Böyüklərin yatdığı yerlərin ətrafı şam ağacları, yaşıllıq və bulaqlar olsa da, balacalar elə bil səhranın ortasında tərk ediliblər. Görünən sadəcə otların arasından boylanan kiçik mişar daşlarıdır (kubik). Balacaların qəbirləri 5-10 sm məsafə ilə düzülüb. Onları tapdalamamaq üçün özümə yol axtarıram. Yeridikcə yabani otlar ayaqlarımı cızır, ayaqqabımın içərisinə “qılpın” dolur.

Başımı qaldırıb ətrafa nəzər salanda girişdə atasına dua edən kişi gəlir gözümün qabağına, bəyəm, ancaq övladınmı valideynə borcu var? Bəs bu balacalar? Onları dünyaya gətirən şəxslər niyə heç olmasa, gəlib üstlərindəki alaq otlarını qoparmır? Sonra bu qınayıcı fikirlərimə görə utanıram. Axı o valideynlər “zəhər” zavoduna görə xəstə uşaq dünyaya gətiriblər. Bu da bəs etməyib, onları öz əlləri ilə qəbirlərə qoyublar. Kim bilir, bəlkə də həmin valideynlər həyatda yoxdur. Sonra yenə düşünürəm, bəs şəhərin tam girişində, Sülh küçəsi ətrafında salınan bu məzarlığı niyə bir nəfər gəlib təmizləmir? Bu otları biçmək nə çətin işdir? Bir bələdiyyə işçisi ayırmaq çətin idimi? Heç olmasa 3 aydan bir…

Qəbirlərin aralarındakı ot-alaqdan savayı, plastik butulkalar, zibillər də adamın son ümidlərini də qırır.

Daxilimdəki “mən”lə danışa-danışa birdən fərqinə varıram ki, reallıqdan çox uzaqlaşmışam. Bura bəlkələrin, ammaların yeri deyil. Burada nə görürəmsə, elə onun yeridir.

Adını Sevinc qoyduğun uşağın cəmi üç il yaşaya, gözünü açandan xəstə doğula. Sevincini gətirib bu səhranın kənarında dəfn edib, gedəsən...

Sevincin baş daşındakı yazı qəbirstanlığa gəlməyimizin əsas məğzini göstərir.

“Anadan olandan xəstə doğuldum,

Dörd yaşa çatmamış dəfn olundum...”

Sevincin məzarı ona əzizlərindən yadigar qalıb. Ətrafı təmizdir, amma qonşuluğundakı, yaxınlaşsam da adını heç bir halda oxuya bilmədiyim qəbr tərk edilib. Baş daşı qoyub, hasar çəksən də, düz qəbrin üstündə ağac bitib, sinə daşının üstünü zibillər – plastik butulkalar, parçalar, əskilər basır, gəlib, bir nəfər oranı təmizləmir.

Yenə öz-özümə danışa danışa gedirəm. Balaca kubikə qara lentlə dolanan “rüzgar gülü” oyuncağı sataşır gözümə. Bir az yaxınlaşıb, baxanda əzilən kağız parçasının da lentə bağlandığı görünür. Onun üzərində bəlkə məzardakının adı ya şəkli var deyə baxanda təkcə göz muncuğu şəkli görürəm.

Həmişə kinolarda deyirlər ki, “rüzgar gülü” ona yaxınlaşanda fırlanırsa, ölən adamın ruhu səni görür, eşidir. Amma bu səhranın ortasını günəş qovurur, bir azca da külək əsmir ki, heç olmasa, bu inancla təsəlli tapaq. Bura təsəlli yeri deyil ki, buradakı tək təsəlli dünyadakı əzabların bir gün bitəcək olmasıdır.

O qəbirə baxanda anlayırsan ki, bu, çox da köhnə deyil. Yəqin ki, onun taleyinin səbəbkarı zavod deyilmiş.

Adsız olan bu qəbrin üstünə balaca yaşıl rəngli bir oyuncaq maşın qoyulub. Bəlkə də bu adsız, soyadsız, şəkilsiz qəbrin sahibinin ən sevdiyi oyuncaq imiş o. Bəlkə də heç vaxt oynada bilmədiyi üçün məzarına qoyublar, gecə düşəndə, hamımız evlərimizə gedəndə, onun balaca ruhu gəlib, oyuncağını görüb, sevinər, bəlkə də o balaca əllərini uzadıb oynayar. İnsan hərdən belə şeylərlə ovunur axı.

Yenə atasına dua oxuyan kişi gəlir gözümün qabağına. Balacaların üstünü təmizləyən, dua oxuyan yoxdur, bəs mən? Axı bura qədər gəlmişəm. Adları güclə oxunan, baş daşlarına ilbiz yapışan qəbirləri cibimdə qalan 3-4 salfetka ilə təmizləməyə çalışıram. Elə bu əsnada üstünə balaca ədyal sərilən qəbiri görürəm.Ədyal uçmasın deyə onun da üstünə də bir mişar daşı qoyublar. Üşüməsin deyə gecələr oyanıb üstünə örtdüyün ədyalı indi torpağa sərmək… bir vaxtlar örtüyü ədyal olan övladın indi torpaqla yoldaşlıq edir.

Onun yaxınlığında bir süsən görünür, sən demə, həmin süsən bir qəbrin baş daşı hissəsində əkilibmiş. Ancaq əyilib, yaxından baxanda burada məzar olduğunu anlayırsan. Qəbir tamamilə çöküb, torpaq da torpağa qarışıb, dümdüz olub. Süsən olmasa, bilmədən üstündən keçərdik bəlkə də… Yəqin ki, qəbir yer üzündən silinməsin deyə o süsən bu isti və quraqlıq əraziyə tab gətirə bilib.

Kiril əlifbasıyla “Xatirələr Zeynəbi” yazılan qəbir görürəm. O birilərdən fərqli olaraq iri baş və sinə daşından ibarət idi. Bəs görəsən, niyə xatirələr Zeynəbi? Zeynəbin xatirəsimi deməkdir?

Gəzinə-gəzinə daha bir üstü yazılı qəbir görürəm. Bir məzarda iki can - Nihat, Natiq. Ehtimal edirəm ki, onlar əkiz doğulublar. Vəfat etdikləri tarix kubikin üzərinə yazılsa da, onun üstünü torpaq örtdüyü üçün görə bilmirəm.

Kənarda nur üzlü, qıvrım saçlı, gülümsəyən bir uşaq sanki gözünü zilləyib mənə baxır - Fərid. O, cəmi 3 bayram görüb. Üstündəki qurumuş səməni deyir ki, yaxınları axrıncı dəfə iki ay əvvəl onu ziyarət gəlib. Onun ömrü üç bayramlıq olsa da, bəlkə də 38 ildir məzarına səməni qoyulur.

Fəridin qonşuları iki yaşlı Fəxriyyə, bir yaşlı Elnardır.

Fəxriyyənin gözlərindən kədər sezilsə də, Elnar gülümsəyirdi.

Sonra yol bizi Günelin qəbrinə sarı aparır. Bəlkə də onun heç bir yaşı da yox imiş. Məzarında boynundan iplə bağlanan papaqlı, gözlərində nigaranlıq sezilən qız uşağı görünür.

Qəbirlərə baxdıqca, mənə elə gəlir ki, burada yatanların əksəriyyəti qız uşaqlarıdır. Bir yaşında həyata əbədi gözlərini yuman Gülnarın məzarı “babasından yadigar”dır. Niyə anası, atası yox, babası? Görəsən, onlar həyatdadılar? Yaşından da, özündən də dəfərlə böyük olan məzarda onun bapbalaca şəkli təəccüblü gözlərlə baxır ətrafa.

Onun yanında daha iki yanaşı dəfn olunan qız uşağı qəbri çıxır qarşıma. İkisinin də üstünə “barbi” kuklası, onun da üstünə daş qoyulub. Yəqin ki, onlar da əkiz doğulublar.

Aygülün qəbri – O da digərləri kimi çox kiçik – 1 yaşında dünyasını dəyişib. Qəbri də babası Məmməddən yadigardır. Qəbrin ətrafına çəkilən dəmir çəpərlər, üzərinin təmizliyi tez-tez ziyarət olunduğunu deyir.

Hələ ətrafda yüzlərlə qəbir var. Aygülün qonşusu da üç yaşlı Elmandır. Ağ köynəkli, qalstuklu Elmanın məzarı atasından yadigardır. Onun baş daşında Sovet dövrünün ən məhşur simvolu - beşguşəli ulduz görünür. Görəsən, niyə məhz uşağın məzarında bu simvol var?

Bir da irəliləyirik, buradakı uşaqlar iki hissədə dəfn olunublar. Bir qədər yeriyib, aşağı düşəndə o biri üzə keçirsən.

Buralar o qədər çirkab içindədir ki, mövcudluğu təkcə ətrafındakı hasalardan bəlli olan qəbrin böyür-başına plastik butulkalar atılıb. Kimsə öz övladının qəbrini təmizləyəndə niyə digər, kimsəsiz körpənin üstünü çirkləndirir? Bunun üçün hansı vicdanın yiyəsi olmalısan?

Fərid kimi iki bayram görən Zəkanın da məzarında quruyub, qalmış səməni var.

Bir az ehtiyatla irəliləyirik. Qəbirstanlığın bu hissəsi ümumiyyətlə unudulub, otlar qəbirlərdən də hündürə qalxıb. Bəzi baş daşları qırılıb, əyilib. Düşməyinə bir an lazımdır sanki. Hər otun altında bir məzarın olması və belə yerdə yeriməyə çalışmaq, elə bil, minalı əraziyə çıxmağa bənzəyir. Ehtiyatlı olmalısan - öz vicdanın və balacaların ruhu üçün.

Şəkli olmasa da, 1989-cu ildə doğulub, 1990-cı ildə vəfat edən Şahinin məzarı digər kiçik qəbirlərdən fərqlənir.

Mehribanın məzarı üstündəki yazı valideynin nə qədər çarəsiz hiss etdiyini söyləyir. Onun qəbri də başqalarından fərqli olaraq tərtəmiz idi. Görünür, gəlib-gedəni var.

“Hara baxırıqsa, yerin görünür,

Gəlmir o mehriban səsin, ay bala,

Özünürəklərdə, izin görünür,

Gəlməyən səsinə qurban, ay bala”.

Dəmirlərin arasında üstünü torpaq basan bir qəbir görünür, əlimlə üstünü silib, adını oxumağa çalışıram, amma ləkə o qədər dərin idi ki, su olmadan tam təmizləmək mümkün deyildi. Diqqətlə baxanda Zəminə adı oxunur. Zəminənin qəbrinin böyrü yağışa, küləyə dözməyib, çökmüşdü.

Burada təkcə köhnə yox, təzə - 3-4 ilin qəbirləri də var. Onlardan biri də Muhəmməddir.

Adını görəndə ya Türkiyə ya da İran vətəndaşıdır, deyirəm. Bizdə axı Məhəmməd adı var, Muhəmməd yoxdur. Muhəmməd 4 il əvvəl isti bir yay günündə həyata gözlərini yumub. Onun qəbri məzarlığın bir küncündə idi. Yanında isə cəmi iki gün yaşamış Mustafayevin məzarı var. Cəmi iki gün. Adı belə yoxdur, yalnız soyad. Bəlkə də xəyallarında tutduqları adı qəbirə yazmağa ürəkləri dözməyib, ya da bəlkə, ad qoymaq arzuları ürəklərində elə arzu kimi də qalıb. İki gün yaşasa da, onun aydın seçilən, ayaq altında qalacağı təhlükəsi olmayan bir məzarı var, özü də lap xırdaca...

Üçü də yanaşı dəfn olunan uşaqlar – Biri daha təzə qəbirdir, üstünə tər qərənfillər düzülüb. Amma yandakı iki məzar torpaqla təndir. Daşlar olmasa, orada qəbir olduğunu adi gözlə görə bilməzsən. Görəsən, onlar kimdir?

İllər əvvəl sosial şəbəkədə bir birində rəy oxumuşdum, “əmim oğlu orada dəfn olunub, atam ona qəbir qoydurub, Rusiyaya gedib, hər dəfə gələndə mütləq onu ziyarət edir”, - anidən qarşıma Samirin qəbri çıxır, altında da “əmisindən yadigar” yazısı. Görəsən, bu odur? Üstünü qamışlar basan, baş ucunda beşguşəli ulduz olan bu məzarda yatan uşaq da cəmi iki il dünya üzü görüb.

Gözlə görünən, adı seçilən qəbirlər elə bu qədər idi. Qalanları da kiçik “kubik”lərin hesabına otların arasından görünürlər.

Oradan çıxıb, böyüklərin məzarlığına yaxın olan bulaqda əllərimizi yuyanda qara mərmər məzarda nurani sifətli oğlan uşağı görürəm. Onun vəfatının bu məsələyə aidiyyatı olmasa da, yaxınlaşıb, üzərindəki yazını oxuyuram, təxmini belə idi: “Həmdəm olmağa heç kimim yoxdur, kaş, bircə sən getməyərdin, ay oğul. İndi tək qalmış bu dünyada mən, kaş sən mənimlə qalaydın bircə”. O uşağı ziyarət edən bir ailəsi, doğmaları var idi. O səhranın, çölün, otların arasında deyil, şam ağaclarının altında, üstü kölgəli, yanında bulaq olan yerdə dəfn olunmuşdu.

Əgər ruhlar varsa və görürlərsə, yəqin onlar ağacların altında, sərin yerdə dəfn olunan, ailələri tez-tez ziyarətlərinə gələn uşaq məzarlarını qısqanardılar.

Burada suallar var, cavabları verəcək şəxslər isə torpağın altındadırlar. Hər sualın cavabsız qaldığı yerlə vidalaşıb, gedirik.

Foto: Rüfət Mustafayev ©️ APA GROUP.

Seçilən
37
1
kulis.az

2Mənbələr