O bildirib ki, Azərbaycan dünyanın ayrılmaz bir hissəsidir və təəssüf ki, qlobal təhdidlər bu və ya digər formada ölkəyə də təsir göstərir. Kütləvi infeksiyalar sərhəd tanımır. Dünya artıq COVID-19 pandemiyasını yaşadı, müəyyən itkilərlə üzləşdi və bu kimi xəstəliklərlə mübarizə metodlarını formalaşdırdı. “Hazırda yeni bir virusun yayıldığı bildirilir və onun müəyyən təhlükəli tərəfləri qeyd olunur. Məlumata görə, Azərbaycan vəziyyəti diqqətlə izləyir və ölkəyə belə risklərin daxil olmaması üçün müvafiq tədbirlər görülür. Quru sərhədlərin bağlı qalması, laborator imkanların yetərli olması bu baxımdan mühüm rol oynayır. Eyni zamanda, beynəlxalq elmi mərkəzlərin bu istiqamətdə araşdırmalar apardığı, həm peyvənd, həm də müalicə üsullarının tapılacağı gözlənilir.”
Deputat qeyd edib ki, hazırda əlavə karantin tədbirlərinə ehtiyac yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və digər ölkələrin təcrübəsi nəzərə alınaraq, vəziyyətə uyğun qərarlar veriləcək. Bununla yanaşı, vətəndaşlara diqqətli olmaq tövsiyə edilir. Xüsusilə gigiyena qaydalarına riayət etmək vacibdir. İlkin məlumatlara görə, virusun gəmiricilərlə təmas yolu ilə keçə biləcəyi ehtimal olunur. Bu səbəbdən vətəndaşlara təbiətdə gəmiricilərdən və ümumiyyətlə sahibsiz heyvanlardan uzaq durmaq tövsiyə olunur. Aydın Mirzəzadə vurğulayıb ki, əgər infeksiya ölkə sərhədlərinə yaxınlaşar və real təhlükə yaradarsa, COVID-19 dövründə olduğu kimi əlavə karantin tədbirləri tətbiq oluna bilər. Hazırda vəziyyət kritik deyil, lakin diqqətdən kənarda saxlanılması da doğru olmaz.