AZ

Makron İrandan bu səbəbdən qorxur

Fransa Hörmüz boğazı böhranının güc yolu ilə deyil, İranla danışıqlar aparmaqla həllini istəyir. Fransa prezidenti Emmanuel Makron bu mövqeyi növbəti də dəfə ifadə edib. Ümumiyyətlə Fransa ABŞ-dən fərqli olaraq İrana münasibətdə müharibə yolunu deyil, dialoq yolunu üstün tutur.

Paris İrandan çəkinir, qorxur, yoxsa başqa ciddi amillər onu İranla yumşaq davranmağa məcbur edir?


Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Fransanın İran məsələsində dialoq və diplomatiyaya üstünlük verməsi həm İrandan çəkinməsi ilə, həm də Avropa İttifaqının maraqları ilə əlaqəlidir.

Burada həm geosiyasi, həm iqtisadi, həm də təhlükəsizlik amilləri var: 

“Parisin yanaşması daha çox praqmatik və ehtiyatlı Avropa siyasətindən qaynaqlanır. Fransa anlayır ki, İranla birbaşa hərbi qarşıdurma Yaxın Şərqdə çox genişmiqyaslı böhran yarada bilər. Xüsusilə Hörmüz boğazı ətrafında gərginlik dünya enerji bazarına dərhal təsir edir ki, bu da Avropa iqtisadiyyatına ciddi zərbə vurar. Fransa artıq Ukrayna müharibəsinin yaratdığı enerji və iqtisadi təzyiqlərin nəticələrini yaşayır və İran timsalında yeni bir problemi istəmir. İkincisi, Paris hesab edir ki, İranı tam təcrid etmək mümkün deyil. İran regionda böyük hərbi-siyasi təsir imkanlarına malik dövlətdir. Onun İraq, Livan, Suriya və Yəməndə təsir şəbəkələri mövcuddur. Fransa yaxşı anlayır ki, onun və Avropanın İrana qarşı genişmiqyaslı müharibəyə qoşulması bütün regionu alova çevirə bilər və nəticədə Avropaya yeni miqrasiya dalğası, terror təhlükəsi və enerji böhranı yarana bilər.

Üçüncüsü, Avropa İttifaqı daxilində ümumi yanaşma da daha çox diplomatiyaya söykənir. Avropa dövlətləri, xüsusilə Fransa və Almaniya uzun illər İran nüvə sazişinin qorunmasına çalışıblar. Çünki onlar hesab edirlər ki, nəzarət olunan və danışıqlar masasında olan İran, tam qarşıdurma şəraitində olan İrandan daha təhlükəsizdir.
Bu, müəyyən mənada ABŞ ilə fərqli strateji baxışdan irəli gəlir. Vaşinqtonda, xüsusilə bəzi siyasi dairələrdə İran daha çox hərbi təzyiq dili ilə cilovlana biləcək aktor kimi qiymətləndirilir. Fransa isə hesab edir ki, dialoq aparılmalıdır”.

Ekspertin sözlərinə görə, Fransa anlayır ki, İranla Avropanın tam hərbi toqquşmasının qiyməti çox ağır ola və nəticəsi proqnozlaşdırılmaya bilər:

“Bununla yanaşı, Fransa heç də İrana yumşaq münasibət göstərən ölkə deyil. Paris İranın nüvə proqramı, raket fəaliyyəti və regiondakı təsiri ilə bağlı dəfələrlə sərt bəyanatlar verib, sanksiyaları dəstəkləyib.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
40
49
musavat.com

10Mənbələr