AZ

Yaxın Şərqdə "Qiyamət Günü" ssenarisi: ABŞ nüvə zərbəsi ilə bağlı sərt mesaj verdi

Qərb siyasi dairələrində hesab edirlər ki, İranın təqdim etdiyi yeni “nüvə formulu” faktiki olaraq, kompromis təklifindən daha çox, vaxt qazanmağa hesablanıb... Rəsmi Tehranın bu addımı böyük ehtimalla ABŞ daxilində ictimai narazılıqların daha da genişlənməsi üçün münbit şəraitin yaradılmasına yönəlik strateji manevr xarakteri daşıyır...

Yaxın Şərq böhranının nizamlanması üzrə danışıqlar prosesi artıq demək olar ki, dalana dirənib. Hər halda, hazırda qarşıduran tərəflərin sülh şərtləri arasında kəskin ziddiyyətlər mövcuddur. Bu baxımdan, ABŞ və İran arasında nüvə faktorunun ön planda olduğu danışıqlarda yaranmış ciddi gərginlik onu göstərir ki, Yaxın Şərq artıq yalnız regional deyil, həm də qlobal güclərin geostrateji qarşıdurma məkanına çevrilib. Rəsmi Tehran tərəfindən Ağ Evə təqdim olunan yeni “nüvə formulu” isə əslində, İranın tam kapitulyasiyaya getməyəcəyini göstərən siyasi-diplomatik manevr kimi də qiymətləndirilə bilər. Və ABŞ prezidenti Donald Tramp həmin təklifləri “tamamilə qəbuledilməz” adlandırmaqla, Ağ Evin maksimal təzyiq strategiyasından geri çəkilmək niyyətində olmadığını da açıq şəkildə göstərmiş oldu.

Maraqlıdır ki, rəsmi Tehran nüvə obyektlərinin demontaj olunması barədə ABŞ-ın israrlı tələblərini rədd etsə də, uranın zənginləşdirilməsi prosesinə müəyyən müddətlik moratorium tətbiqinə, eləcə də, yüksək zənginləşdirilmiş uranın bir hissəsinin üçüncü ölkəyə ötürülməsinə hazır olduğunu bildirir. Bu, İranın tam geri çəkilmədən, müəyyən kompromis imkanlarını da qorumağa çalışdığını göstərir. Ancaq rəsmi Tehran bunun müqabilində Ağ Evə təhlükəsizlik zəmanətləri, sanksiyaların yumşaldılması və hərbi əməliyyatların tamamilə dayandırılması kimi ciddi strateji şərtlər də irəli sürür.

24acd781-b002-4e38-aaa7-76acbcebbb62.jpg 

Onu da qeyd etmək lazımdır ki, burada əsas geopolitik ziddiyyət İranın nüvə proqramından daha çox, ABŞ-ın Yaxın Şərqdə qurmağa çalışdığı yeni təhlükəsizlik arxitekturası ilə bağlıdır. Belə ki, Ağ Ev üçün əsas strateji hədəf yalnız İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla məhdudlaşmır. Yəni, ABŞ eyni zamanda, Çin və Rusiyanın regiondakı təsir imkanlarını da məhdudlaşdırmağa çalışır. Çünki rəsmi Tehran son illərdə həm Rusiya, həm də Çin ilə strateji yaxınlaşma xətti qurub və bu proses artıq ABŞ üçün əlavə təhlükə mənbəyinə çevrilməyə başlayıb.

Digər tərəfdən, İranın danışıqların bərpası üçün irəli sürdüyü əsas beş şərt onu göstərir ki, rəsmi Tehran artıq yalnız nüvə proqramını deyil, ümumiyyətlə, Yaxın Şərqdəki regional güc balansını müzakirə predmetinə çevirmək niyyətindədir. Xüsusilə də, Hörmüz boğazı üzərində İranın “suveren hüquqlarının tanınması” tələbi olduqca böyük maraq doğurur. Çünki Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biridir və qlobal neft ticarətinin böyük hissəsi məhz bu marşrut üzərindən həyata keçirilir. Və İran həm indi, həm də gələcəkdə bu strateji boğazdan geopolitik təzyiq aləti kimi istifadə etməyə çalışır.

Bütün bunları nəzərə aldıqda, ABŞ-ın nüvə silahı daşıyan strateji sualtı qayığını məhz Cəbəllütariq boğazında nümayişkaranə şəkildə üzə çıxarması da qətiyyən təsadüfi addım hesab olunmur. Çünki nüvə faktoruna bağlı belə strateji hərbi platformaların məhz ictimaiyyətə açıq nümayişi adətən, siyasi-psixoloji mesaj xarakteri də daşıyır. Və bu baxımdan, Ağ Ev belə sərt addım atmaqla, rəsmi Tehrana həm nüvə və ümumiyyətlə, hərbi eskalasiya halında ABŞ-ın ən radikal ssenarilərə də artıq hazır olduğunu anlatmağa çalışır.

75e98fa7-3c16-4fd2-9c55-97acb995a47d.jpg 

Ancaq bütün bunlara paralel olaraq, ABŞ-ın daxilində də ciddi iqtisadi və siyasi narahatlıqlardan qaynaqlanan ictimai təlatümlər yaranmağa başlayıb. Belə ki, müxtəlif mənbələrdə Ağ Evin Yaxın Şərqdə hərbi əməliyyatlara çəkdiyi xərclərlə bağlı fərqli rəqəmlər göstərilir. Bəzi monitorinq resursları xərclərin artıq 77 milyard dolları keçdiyini iddia edir. Ancaq Pentaqonun rəsmi açıqlamalarında bu rəqəmin təxminən 30 milyard dollara yaxın olduğu vurğulanır. Və hər iki halda belə, ABŞ üçün uzunmüddətli hərbi qarşıdurmanın maliyyə yükünün böyük sürətlə artdığı açıq-aşkar görünmüş olur.

Təbii ki, Yaxın Şərq savaşının ABŞ üçün məhz maliyyə tərəfi hərbi istiqamətlərindən qətiyyən az əhəmiyyətli deyil. Çünki Ağ Ev hazırda Ukrayna savaşının maliyyə yükündən tədricən xilas olmağa çalışsa da, buna paralel olaraq, həm də ABŞ-ın Asiya-Sakit okean istiqamətində Çinlə geostrateji rəqabəti də getdikcə, dərinləşdirir. Üstəlik, savaşın inkişaf istiqamətləri ABŞ üçün Yaxın Şərqdə yeni genişmiqyaslı hərbi qarşıdurma riski də yaratmış kimi görünür. Və belə vəziyyətdə Yaxın Şərqdə hərbi böhranın daha da uzanması ABŞ üçün tədricən “ikinci Ukrayna sindromu”na da çevrilə bilər.

Ancaq bununla belə, prezident Donald Trampın “Mən amerikalıların maliyyə vəziyyətini düşünmürəm, çünki indi yalnız İranın nüvə silahına sahib olmaması daha böyük önəm daşıyır” məzmunlu açıqlaması isə Qərb siyasi dairələrində çaşqınlıq yaradıb. Çünki bu, ABŞ daxilində siyasi-ictimai diskussiyaları daha da sərtləşdirə biləcək təhlükəli yanaşma tərzi hesab olunur. Və ona görə də, hazırda Amerika cəmiyyətində xarici savaşlara xərclənən milyardlarla dolların ölkədaxili sosial-iqtisadi problemləri daha da dərinləşdirməsinə bağlı narazılıqların artıq artmaqda olması qətiyyən təəccüblü deyil.

96f264e6-9d33-41c9-81aa-2cd1727cf093.jpg 

Ona görə də, Qərb siyasi dairələrində hesab edirlər ki, İranın təqdim etdiyi yeni “nüvə formulu” faktiki olaraq, kompromis təklifindən daha çox, vaxt qazanmağa hesablanıb. Rəsmi Tehranın bu addımı böyük ehtimalla ABŞ daxilində narazılıqların daha da genişlənməsinə şərait yaratmağa yönəlik strateji manevr xarakteri daşıyır. Bununla belə, ABŞ bu prosesdə İranı maksimum səviyyədə təzyiq altında saxlamaq niyyətində olduğunu biruzə verir.

Belə anlaşılır ki, qarşıduran tərəflər arasında siyasi etimad artıq demək olar ki, mövcud deyil. Digər tərəfdən, ABŞ-ın Yaxın Şərqdəki regional müttəfiqləri də son vaxtlar danışıqlar prosesinə daha israrla müdaxilə etməyə çalışırlar. Buna paralel olaraq, qlobal güclərin rəqabətini də nəzərə aldıqda, yaxın perspektivdə tammiqyaslı razılaşmanın mümkünlüyü qətiyyən inandırıcı təsir bağışlamır. Əksinə, Yaxın Şərqdə böhran hazırda elə bir mərhələyə daxil olub ki, istənilən kiçik hərbi və ya siyasi səhv bütün regionu əhatə edən genişmiqyaslı silahlı qarşıdurmağa yol aça bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Seçilən
54
musavat.com

1Mənbələr