Ankara, 13 may, AZƏRTAC
Ankaradakı diplomatik mənbələr Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın iyul ayında Türkiyədə keçiriləcək NATO sammitinə dəvət edilməsi ilə bağlı iddiaları təkzib ediblər.
AZƏRTAC mediadakı məlumatlara istinadla xəbər verir ki, Türkiyə paytaxtındakı mənbələr Əhməd Əl Şaraanın NATO sammitinə dəvət edilməsi məsələsinin “heç vaxt gündəmdə olmadığını və danışıqlarda qaldırılmadığını” vurğulayıblar.
Bununla belə, Türkiyənin Qətər, Küveyt, BƏƏ və Bəhreyni NATO sammitinə cəlb etmək məqsədi ilə təmasları davam etdirdiyi qeyd olunur. “İran ətrafındakı gərginlik fonunda Körfəz təhlükəsizlik arxitekturası zədələnib və enerji marşrutları təhlükə altındadır. NATO-da ikinci ən böyük orduya və strateji cəhətdən əhəmiyyətli coğrafi mövqeyə malik olan Ankara 7-8 iyul tarixlərində keçiriləcək sammitə bu dörd Körfəz ölkəsini dəvət etməklə, həm də regiondakı təsirini gücləndirməyi planlaşdırır”, - deyə Ankaradakı mənbələr bildiriblər.