Avropada kruiz turizmi növbəti virus şoku ilə sarsılıb.
Musavat.com xəbər verir ki, Fransanın Bordo limanına daxil olan "Ambition" kruiz laynerində kütləvi norovirus infeksiyası yayıldığı üçün gəmi dərhal karantinə alınıb. Laynerdə olan təxminən 1700 nəfər sərnişin və heyət üzvünün gəmidən çıxışı qadağan edilərək tam izolyasiya olunublar. Yerli medianın yaydığı məlumata görə, artıq 50-dən çox sərnişin və heyət üzvündə virusun kəskin simptomları aşkar edilib.
Vəziyyəti daha da gərginləşdirən xəbər isə sərnişinlərdən birinin — 90 yaşlı Britaniya vətəndaşının ölümü olub. Məlumata görə, mərhumda norovirusla yanaşı kəskin qastroenterit xəstəliyi də müşahidə edilib.
Hazırda fransız epidemioloqlar və tibb işçiləri gəmi göyərtəsində dezinfeksiya işləri aparır, sərnişinlərin sağlamlıq vəziyyəti ciddi nəzarət altında saxlanılır. Fransanın səhiyyə rəsmiləri virusun liman şəhərinə yayılmaması üçün ən sərt tədbirlərin görüldüyünü bəyan ediblər. Norovirusun yüksək yoluxuculuq qabiliyyətini nəzərə alan mütəxəssislər, karantin müddətinin uzadıla biləcəyini istisna etmirlər.
Bu hadisə son aylarda kruiz laynerlərində baş verən ardıcıl virus epidemiyaları fonunda dəniz səyahətlərinin təhlükəsizliyi məsələsini yenidən dünya gündəminə gətirib. Hazırda laynerdə olan digər sərnişinlər arasında təşviş hökm sürür.
Musavat.com