Milli Məclisin sədri Sahibə Qafarova və Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi bu gün keçirilən ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.
Bu səfərin Azərbaycan ilə Slovakiya arasındakı parlamentlərarası əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyən spiker Sahibə Qafarova özünün 2021-ci ilin oktyabrında Slovakiyaya rəsmi səfərini xatırladaraq, həmin səfərin Milli Məclis sədrinin Slovakiyaya ilk səfəri olduğunu, bundan sonra Slovakiya parlamenti sədrinin Azərbaycana 1 rəsmi və 2 işgüzar səfər etdiyini bildirib. Onun sözlərinə görə, bütün bu səfərlər tərəflərin parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı nümayiş etdirdikləri ardıcıl yanaşmanın nəticəsidir.
Parlamentlər arasında əməkdaşlığın Azərbaycan-Slovakiya münasibətlərinin bir hissəsi olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, ümumiyyətlə ölkələrimiz arasında əlaqələr, xüsusən son illərdə əhəmiyyətli dərəcədə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Spiker münasibətlərin mövcud yüksək səviyyəyə çatdırılmasında dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, bu səfərlər və görüşlər iki ölkə arasındakı fəal siyasi dialoqun göstəricisidir. Məhz bu dialoq ölkə rəhbərlərinə münasibətlərin mövcud vəziyyətini müzakirə etməyə və yeni əməkdaşlıq istiqamətlərini nəzərdən keçirməyə imkan yaradır.
İkitərəfli əlaqələrə gəldikdə isə, Sahibə Qafarova bildirib ki, ölkələrimiz arasında iqtisadi, ticari, enerji, müdafiə sənayesi kimi sahələrdə artıq uğurlu əməkdaşlıq həyata keçirilir. Eyni zamanda, digər istiqamətlər üzrə də əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
Bu gün iki ölkənin parlamentləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan spiker Sahibə Qafarova deyib ki, bu sənəd əlaqələrimizin daha da genişləndirilməsinə gətirib çıxaracaq. Belə ki, sənəd dostluq qruplarının, müvafiq komitələrin, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin, parlament aparatlarının əməkdaşlığı ilə bağlı bir sıra mühüm istiqamətləri əhatə edir.
Slovakiya parlamenti sədrinin Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlarımıza da səfər edəcəyini bildirən Sahibə Qafarova qeyd edib ki, bu, artıq Rixard Raşinin Qarabağa ikinci səfəri olacaq. Onun sözlərinə görə, 2022-ci ildən ötən dövr ərzində Qarabağda aparılmış yenidənqurma işlərinin miqyası Rixard Raşini müsbət mənada təəccübləndirəcək. Digər tərəfdən, Slovakiya parlamentinin nümayəndə heyəti Ağdamın Baş Qərvənd kəndini də ziyarət edəcək. Qeyd olunub ki, bu kəndin tikintisi Slovakiya şirkətləri tərəfindən həyata keçirilir.
Qarabağın yenidən qurulmasında Slovakiyanın Azərbaycana dəstəyinin yüksək qiymətləndirildiyini söyləyən Sahibə Qafarova vurğulayıb ki, bu kənd işğaldan azad olunmuş torpaqlarda Azərbaycan-Slovakiya dostluğunun bir nümunəsi olacaq.
Slovakiya Milli Şurasının sədri Rixard Raşi isə müxtəlif vəzifələrdə Azərbaycana bir neçə dəfə səfər etdiyini qeyd edib. O, bu gün Slovakiya Respublikası Milli Şurasının sədri qismində həyata keçirdiyi rəsmi səfəri də ikitərəfli münasibətlərin dərinləşməsinə növbəti töhfə kimi qiymətləndirib.
Slovakiya ilə Azərbaycan arasında münasibətlərin çox yüksək səviyyədə olmasından məmnunluğunu bildirən Milli Şuranın sədri, bu mənada, xüsusilə 2024-cü ilin may ayında Slovakiya Respublikası Baş nazirinin Bakıya rəsmi səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Sazişin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu tərəfdaşlıq artıq energetika, müdafiə sənayesi, infrastruktur, informasiya texnologiyaları, turizm və Qarabağın yenidən qurulması sahələrində konkret nəticələr verir və bu müsbət dinamika yüksək səviyyəli təmasların intensivləşməsində də özünü göstərir.
Bugünkü səfərinin əsas məqsədinin münasibətlərin parlament ölçüsünü daha da gücləndirmək olduğunu deyən Rixard Raşi bugünkü görüşü həm də Milli Məclis sədrinin 2021-ci ildə Slovakiya Respublikasına etdiyi rəsmi səfərin davamı kimi dəyərləndirib. Tərəflər arasında imzalanan Anlaşma Memorandumunun münasibətlərimizin gələcək inkişafı üçün sabit institusional çərçivə yaratdığını deyən spiker əlavə edib ki, Memorandum komitələr səviyyəsində intensiv əməkdaşlıq, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və parlament aparatlarımız arasında ən yaxşı təcrübələrin paylaşılması üçün zəmin yaradır.
Parlamentlərin təkcə qanunverici institutlar deyil, həm də iqtisadi diplomatiyanın mühüm hərəkətverici qüvvəsi ola biləcəyini vurğulayan Rixard Raşinin sözlərinə görə, ölkələrimiz iqtisadi əlaqələrin fəal inkişafına sadiqdir və Slovakiya Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur.
Slovakiya Milli Şurasının sədri bu səfər çərçivəsində yenidən Qarabağa gedəcəyini və yenidənqurma işlərinin gedişatını yerində müşahidə edəcəyini diqqətə çatdırıb, ölkələrimiz arasında əməkdaşlığın energetika, müdafiə sənayesi və turizm də daxil olmaqla digər sahələrdə də irəliləməsindən məmnunluğunu bildirib.
O, vurğulayıb ki, Slovakiya və Azərbaycan strateji tərəfdaşlardır və bugünkü proseslər münasibətlərimizin iqtisadi, parlament və insanlararası təmaslar baxımından həqiqətən güclü inkişaf dövrünü yaşadığını təsdiq edir. Rixard Raşi həmçinin deyib ki, Slovakiya Avropa səhnəsində Azərbaycanın etibarlı və balanslı tərəfdaşı olaraq qalır və ölkəsi bu tərəfdaşlığı gələcəkdə böyük intensivliklə inkişaf etdirmək niyyətindədir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


