Evdə həddindən artıq yetişmiş, qabıqları qaralmış bananlarınız var? Onları atmayın! Bu bananlar ən dadlı muffinlərin sirridir.
Pravda.az bildirir ki, şokoladın intensiv dadı ilə bananın yumşaqlığının birləşdiyi bu resept çay və qəhvə saatlarınızın ulduzu olacaq.
Lazım olan məhsullar:
Banan: 3 ədəd (yaxşı yetişmiş olması dadını artıracaq)
Kərə yağı: 125 qram (əridilmiş və soyudulmuş)
Şəkər tozu: 1 stəkan
Yumurta: 1 ədəd (otaq temperaturunda)
Vanil: 1 paket
Qabartma tozu: 1 çay qaşığı
Duz: Bir çimdik
Un: 1,5 stəkan
Damla şokolad: Yarım stəkan (və ya doğranmış tünd şokolad)
Hazırlanma qaydası:
Hazırlıq: Sobanı əvvəlcədən 175 dərəcəyə qədər qızdırın. Muffin qablarını yağlayın və ya kağız qəlibləri yerləşdirin.
Bananları əzin: Bir qabda yetişmiş bananları çəngəllə tamamilə püre halına gələnə qədər əzin.
Sulu inqrediyentləri qarışdırın: Əzilmiş bananların üzərinə əridilmiş kərə yağını əlavə edib qarışdırın. Sonra şəkər tozu, çırpılmış yumurta və vanili əlavə edərək qarışdırmağa davam edin.
Quru inqrediyentləri əlavə edin: Qarışığın üzərinə qabartma tozu və duzu səpin. Ələnmiş unu hissə-hissə əlavə edərək çox olmamaq şərti ilə qarışdırın (xəmirin çox qarışdırılması muffinlərin bərk olmasına səbəb ola bilər).
Şokoladla tamamlayın: Ən sonda damla şokoladları əlavə edib spatula ilə yüngülcə xəmirə yedirdin.
Bişirmə: Hazırladığınız xəmiri muffin qəliblərinə, qabların ¾ hissəsini dolduracaq qədər paylayın. Qızdırılmış sobada təxminən 20-25 dəqiqə bişirin.
Qeyd: Muffinlərin hazır olduğunu diş çöpü ilə yoxlaya bilərsiniz. Diş çöpü təmiz çıxırsa, deməli ləzzətli keksləriniz hazırdır. Muffinlərin daha qəşəng görünməsi üçün soba qabına qoyduqdan sonra üzərinə bir neçə əlavə damla şokolad səpə bilərsiniz. Bananlar nə qədər yetişmiş olsa, muffinləriniz o qədər ətirli və yumşaq olacaq.
Əminə Bayramova