İraqdan keçən və Qərbi Asiyanın ən böyük çaylarından biri sayılan Fərat çayı sürətlə qurumağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Metro” nəşri yazıb.
Məlumata görə, bəzi dini çevrələr bunu Bibliyada qeyd olunan “Armageddonun yaxınlaşması” (xristianlıqda dünyanın sonuna yaxın Xeyir və Şər arasında baş verəcək böyük və sonuncu qiyamət döyüşü) ilə əlaqələndirirlər.
Bildirilir ki, 2003-cü ildən bəri Fərat çayının hövzəsi 140 kubkilometrdən çox şirin su ehtiyatını itirib. Alimlərin proqnozlarına əsasən, proses bu templə davam edərsə, çay 2040-cı ilə qədər ciddi şəkildə quruma təhlükəsi ilə üzləşə bilər.
Mütəxəssislər suyun azalmasının əsas səbəbləri kimi uzunmüddətli quraqlıqları, temperatur artımını və qeyri-səmərəli su istifadəsini göstərirlər. Xüsusilə 2007-ci ildə baş vermiş güclü quraqlığın nəticələrinin hələ də tam aradan qalxmadığı vurğulanır.