AZ

Palıd, vələs, fıstıq ağacları, qaratikan və böyürtkən kolları bu problemin həllinə çarə imiş - Ekoloqdan AÇIQLAMA

"Torpaq qatının sürüşməsinin əsas səbəblərindən biri müəyyən torpaq qatlarının quruluşu ilə bağlıdır. Daha dəqiq desək, üst qatda su keçirən layın altında su keçirməyən gilli lay olduqda, yuxarı qat yağıntını yavaş-yavaş aşağıya ötürür. Bu proses illər boyu davam edir və müəyyən müddətdən sonra sürüşmə baş verir. Bu hallar əsasən meşə torpaqlarında müşahidə olunur".

Bu barədə Redaktor.az-a torpaq sürüşmələrindən bəhs edən ekoloq Ənvər Əliyev bildirdi.

Onun sözlərinə görə, iki əsas variantda sürüşmələr baş verir:

"Birincisi geoloji baxımdandır. Müəyyən torpaq qatları var ki, onlar gillidir. Həmin gilli qatın üstündə əmələ gələn torpaq qatı zaman keçdikcə, xüsusilə güclü yağışlardan sonra suyu aşağıya ötürür. Üst qat yüngül və su keçirən olduğuna görə suyu aşağı buraxır, lakin altda yerləşən gilli qat suyu keçirmir. Nəticədə həmin səth sabun kimi sürüşkən hala gəlir və torpaq sürüşməsi baş verir. Bu, geoloji dövrlər ərzində formalaşmış qatlarla bağlıdır. Məsələn, Maykop çöküntüləri adlandırılan süxurların olduğu ərazilərdə, xüsusilə Ağsu aşırımında və Muğanlı tərəfdə bu cür sürüşmələr geniş yayılıb. Rayon yerlərində bu qata “şirə” də deyilir. Ümumilikdə sürüşmənin mahiyyəti ondan ibarətdir ki, su keçirən layın altında su keçirməyən gilli lay olduqda və kifayət qədər yağıntı düşdükdə sürüşmə baş verir.

İkinci variant isə fərqli xarakter daşıyır. Bu, əsasən meşə torpaqlarında müşahidə olunur. Qəhvəyi torpaqlar adlandırılan bu torpaqlarda illik yağıntı miqdarı 700-800 millimetr olur. Üst qat yumşaq, qara və ya qəhvəyi rəngdə olur və suyu asanlıqla aşağı keçirir. Bu proses bir anda deyil, illər boyu davam edir. Yağış və qar şəklində düşən yağıntılar tədricən aşağı qatlara keçir. Meşə torpaqları üçün xarakterik olan illüvial qat bu şəkildə formalaşır. Bu qat gillərdən və lillərdən ibarət olur və zamanla yaranır. Onun qalınlığı adətən 30-40 santimetr civarında olur, bəzi yerlərdə isə daha dəqiq ölçülərlə 27, 30, 35 santimetr kimi dəyişir. Nəticədə yenə eyni proses yaranır: su keçirən layın altında su keçirməyən lay formalaşır və sürüşmə baş verir. Bu qatda lilin miqdarı bəzən 70-80 faizə çatır. Bu hissəciklər çox xırda, tozvari olur və yuxarıdan yuyularaq aşağıda toplanır".

Müsahibimiz vurğuladı ki, istər geoloji süxurlar üzərində əmələ gələn torpaqlarda, istərsə də meşə altı torpaqlarda bu proses eyni mahiyyət üzrə baş verir:

"Ağacların təsirinə gəldikdə isə, meşə ağacları müəyyən dərəcədə torpağı sabit saxlayır. Lakin uzun müddət güclü yağıntı olduqda və ərazinin meyilliliyi yüksək olduqda, məsələn 20–25 dərəcədən artıq meyillikdə sürüşmə prosesi sürətlənir. Ağacların kök sistemi torpağı müəyyən qədər saxlayır, xüsusilə meyillilik az olduqda. Kök sistemi tor kimi torpağı bir yerdə tutur. Sürüşmənin qarşısını almaqda enliyarpaqlı ağaclar daha effektlidir. Palıd, vələs, fıstıq kimi ağaclar güclü kök sisteminə malikdir. Bundan əlavə, dərinə gedən kök sistemi olan bəzi kollar, məsələn, qaratikan və böyürtkən kolları da torpağı sabit saxlaya bilir. İynəyarpaqlı, həmişəyaşıl ağacların isə kök sistemi o qədər də dərin və güclü olmur, buna görə də belə ərazilərdə sürüşmə ehtimalı daha yüksək olur. Ümumilikdə isə meşə qırıldıqdan sonra torpaq qatının strukturu dərhal dəyişmir. Üst qat yenə su keçirən lay olaraq qalır, aşağıda isə gilli qat mövcud olur. Yağıntı düşdükdə, hətta meşə olmayan sahələrdə belə sürüşmələr baş verir. Ona görə də sürüşmələrin qarşısını almaq üçün əsasən güclü kök sisteminə malik ağacların əkilməsi tövsiyə olunur".

NURİYYƏ

Seçilən
53
1
redaktor.az

2Mənbələr