ABŞ-nin Braun Universitetinin “Watson Beynəlxalq və İctimai Əlaqələr Məktəbi” tərəfindən hazırlanan hesabata əsasən, Yaxın Şərqdəki gərginlik səbəbindən yüksələn enerji qiymətləri Amerika xalqına 37,6 milyard ABŞ dollarından çox əlavə xərc yükləyib.
Anadolu Agentliyinin məlumatına görə, fevralın 28-də başlayan gərginlikdən sonra yaranan əlavə xərclərin bölgüsünə əsasən, benzin qiymətləri 20,5 milyard, dizel yanacağı isə təxminən 17 milyard ABŞ dolları əlavə xərcə səbəb olub. Artan qiymətlər sıravi vətəndaşların büdcəsinə də ciddi təsir göstərib. Hesablamalara görə, ABŞ-də orta statistik bir ailə benzin və dizel bahalaşması səbəbindən hər ay təxminən 286 dollar daha çox ödəniş etmək məcburiyyətində qalıb.
Amerika Avtomobil Assosiasiyasının mayın 11-nə olan məlumatları gərginliyin miqyasını rəqəmlərlə sübut edir. Belə ki, ötən il 3,14 dollar olan bir qallon benzinin qiyməti hazırda 4,52 ABŞ dollarına yüksəlib. Yaxın Şərqdəki hərbi qarşıdurmalar qlobal neft bazarlarını sarsıtmağa davam edir və bu, ABŞ-də inflyasiya təzyiqini artıran əsas amildir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”