Redaktor.az saytına istinadən ain.az xəbər verir.
İyunda Ermənistanda keçiriləcək parlament seçkilərində əsas mübarizənin Baş nazir Nikol Paşinyanın liderlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası ilə iş adamı Samvel Karapetyanın başçılıq etdiyi "Güclü Ermənistan" bloku arasında keçəcəyi gözlənilir.
Bu seçkilərdə hansı qüvvənin qalib gəlmək şansı daha çoxdur?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi qütbləşmə daha da dərinləşir və bir çox siyasi qüvvə bu seçkilərə sadəcə növbəti siyasi yarış kimi yanaşmır:
"Seçkilər daha çox Ermənistanın gələcək xarici siyasət kursunun müəyyənləşdirilməsi kimi qiymətləndirilir. Eyni zamanda Ermənistandakı seçkilərə xaricdən də xüsusi baxış mövcuddur və bu yanaşma əsasən Ermənistanın hansı güc mərkəzinə daha yaxın olacağı prizmasından izah edilir".
Millət vəkili, iki əsas siyasi xətti müqayisə etdi:
"Qeyri-rəsmi ifadə etsək, Karapetyan bloku ilə Paşinyan bloku tamamilə fərqli istiqamətlərdə mövqe tutur. Samvel Karapetyan bloku daha çox Rusiya yönümlü və sərt təhlükəsizlik siyasətini müdafiə edən xətt kimi təqdim olunur. Paşinyan bloku isə sülh gündəmini və Avropa ilə inteqrasiyanı ön plana çıxaran mövqe ilə çıxış edir. Məsələnin bu qədər kontrastlı olması Ermənistan seçicisini də ciddi seçim qarşısında qoyur. Ancaq nəzərə almaq lazımdır ki, bu gün Ermənistan cəmiyyətində ictimai və fərdi yanaşmalar arasında müəyyən fərq müşahidə olunur. İctimai müstəvidə bir çoxları daha sərt və emosional vətənpərvər ritorika nümayiş etdirirlər. Lakin insanlar öz daxili düşüncələrində və gündəlik həyat reallığında sülhün zəruriliyini də anlayırlar. Bu isə cəmiyyət daxilində başqa bir kontrast yaradır".
Müsahibimizin fikrincə, Ermənistanda seçki qutularından daha çox sülhpərvər və Qərb yönümlü siyasi xəttin üstün çıxması ehtimalı var.
Xədicə BAXIŞLI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.