AZ

"Azərbaycan Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır" - AÇIQLAMA

Ermənistanda keçiriləcək 7 iyun seçkiləri hazırda gündəmin aktual məsələlərindəndir. Bəziləri elə hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu seçkidə Rusiya tərəfdarlarına məğlub ola bilər.

Redaktor.az-a danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirdi ki, Ermənistan hakimiyyətində bu günə qədər Baş nazir Nikol Paşinyan kimi Azərbaycanla sülhə yaxın, ikitərəfli münasibətlərə, erməni cəmiyyətinin tarixinə, uydurduqları yalanlara dair məntiqli fikirlər səsləndirən, Ermənistanın digər güclərin əlində alətə çevrildiyini açıq ifadə edən ikinci bir rəhbər olmayıb:

"Təbii ki, bu, özbaşına yaranmayıb. Azərbaycanın bunda böyük rolu olub. Amma ən azı Paşinyanın doğru yol tutduğu fikri bizdə hasil olub. Bu baxımdan Azərbaycan da Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır".

Onun sözlərinə görə, seçkilərin nəticəsini erməni xalqı müəyyən edəcək:

"Hesab edirəm ki, erməni toplumu son müharibədə verdikləri itkiləri unutmayıb, aldıqları məğlubiyyətdən dərs çıxarıblar. Ermənistanın bütün siyasi toplumu Azərbaycanla qarşıdurmada maraqlı olmamalıdır. Azərbaycan 44 günlük müharibədən sonra Ermənistana son dəfə şans verdi ki, ölkələrimiz, eləcə də region sülh dövrünə qədəm qoysun. Ermənistan rəhbərliyi də bu imkanı dəyərləndirərək sülh yolunda addımlar atır. Hakimiyyət dəyişikliyi olmasının Azərbaycan üçün ciddi fərqi yoxdur. Bunu Ermənistan düşünməlidir: sülh, ya müharibə. Müharibənin Ermənistan dövlətinin və xalqının varlıq məsələsi olacağı mütləqdir. Ermənilər bunu nəzərə almalıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
26
1
redaktor.az

2Mənbələr