Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveyt nümayəndələrini Ankarada keçiriləcək toplantıya dəvət etməyi planlaşdırır. Görüşün əsas müzakirə mövzularından biri İranla bağlı mövcud münaqişə olacaq.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Bildirilir ki, alyansın 2004-cü ildə təsis etdiyi İstanbul Əməkdaşlıq Təşəbbüsünün (İƏT) üzvü olan adıçəkilən dörd dövlətin xarici işlər nazirlərinin iyulun 7-8-də planlaşdırılan tədbirə qatılması gözlənilir. Mənbələr vurğulayır ki, bu addım alyansın İran ətrafındakı gərginlik fonunda diqqəti cənub sərhədlərinə yönəltmək istəyindən irəli gəlir.
Bu dialoq həm də ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazındakı böhranla bağlı NATO üzvlərini sərt tənqid etməsindən sonra Vaşinqtonla Avropa tərəfdaşları arasında yaranan fikir ayrılıqları şəraitində baş tutacaq.
Agentliyin məlumatına görə, sammitin əsas iclasları yalnız ittifaq ölkələrinin rəhbərlərinin iştirakı ilə məhdudlaşacaq. Digər dövlətlərin təmsilçiləri isə yalnız əlavə tədbirlərdə iştirak edə biləcəklər.(oxu.az)