Günəş, dəniz, hovuz, sosial mediada yayılan gözəllik trendləri və nəzarətsiz kosmetik prosedurlar…
Bütün bunlar gözəllik naminə saç və dərimizə görünmədən zərər verə bilər. Trixoloq-kosmetoloq Aytən Hüseynova ilə söhbətimizdə yay mövsümündə saç və dəriyə ən çox ziyan vuran amillər, SPF-lə bağlı ən geniş yayılmış yanlışlar, saç tökülməsinin təhlükə siqnalları və sağlam baxımın əsas qaydaları barədə danışdıq.
– İnsanlar gözəlləşmək istəyərkən əslində saç və dərilərinə ən böyük ziyanı necə verirlər?
– Maraqlıdır ki, insanlar çox vaxt gözəlləşmək istəyərkən ən böyük ziyanı elə özləri verirlər. Ən çox gördüyümüz səhv bir neçə proseduru eyni anda etdirməkdir. Saça tez-tez açıcı, keratin, fen, ütü; dəriyə isə sərt pilinqlər, uyğun olmayan turşular və nəzarətsiz kosmetik məhsullar… Bütün bunlar saçın və dərinin təbii qoruyucu baryerini zəiflədir. Yəni “nə qədər çox qulluq, o qədər yaxşı nəticə” düşüncəsi hər zaman doğru olmur.
– Günəş saçlarımızı həqiqətən “yandırır”, yoxsa bu sadəcə mifdir?
– Xeyr, bu mif deyil, tamamilə realdır. Günəşin UV şüaları saçın keratin strukturunu zəiflədir, saçın rəngini soldurur, onu daha quru və kövrək hala gətirir. Xüsusilə boyalı və açılmış saçlar bu təsirə daha həssas olur.
– Dəniz saç üçün xilaskardır, yoxsa gizli təhlükə?
– Əslində hər ikisi ola bilər. Dəniz suyu bəzi insanlarda saç dərisini təmizləyir və saça həcm verir. Amma duz saç telindəki nəmi azaldır. Günəşlə birlikdə təsir etdikdə saç daha tez quruyur, sərtləşir və qırılmağa meyilli olur. Ona görə dənizdən sonra saçın şirin su ilə yuyulması çox vacibdir.
– Hovuzdakı xlor saçlara nə qədər zərər verə bilər?
– Xlor düşündüyümüzdən daha çox təsir edir. Saçın təbii yağ balansını poza, onu quru və mat göstərə bilər. Xüsusilə sarı və açıq rəngli saçlarda hətta yaşılımtıl tonlar belə yarana bilir. Hovuzdan müntəzəm istifadə edənlər üçün qoruyucu məhsullar və düzgün sonrası baxım çox önəmlidir.
– Günəş ləkələri bir yayda yarana bilər, yoxsa bu illərin nəticəsidir?
– Hər ikisi mümkündür. Bəzən bir yay mövsümündən sonra ilk ləkələr görünə bilər. Amma əksər hallarda bu, illərlə yığılan UV zədəsinin nəticəsidir. SPF istifadə edilmədikdə melanin dəridə qeyri-bərabər toplanmağa başlayır və nəticədə ləkələnmə yaranır.
– SPF çəkib bütün günü rahat gəzmək olarmı, yoxsa burada gizli bir səhv var?
– Ən böyük səhv məhz budur — SPF çəkib gün boyu onu yeniləməməyi unutmaq. Günəş kremi tərlə, toxunuşla, su ilə və günəşin təsiri ilə effektivliyini itirir. Açıq havada olduqda təxminən hər 2–3 saatdan bir yenilənməsi vacibdir.
Günəş kremi ilə bağlı ən çox edilən səhvlər:
* Az miqdarda istifadə etmək
* Yalnız yay aylarında istifadə etmək
* Gün ərzində yeniləməmək
* Boyun, qulaq və əlləri unutmaq
* “SPF çəkmişəm” deyib saatlarla günəş altında qalmaq
– “Mən qarayam, mənə SPF lazım deyil” fikri nə qədər doğrudur?
– Bu, çox yayılmış, amma təhlükəli bir yanlış fikirdir. Tünd dəri müəyyən qədər təbii qorunmaya malik olsa da, UV zədəsi yenə baş verir. Ləkə, erkən yaşlanma və hətta bəzi dəri problemləri riski tamamilə aradan qalxmır.
– İnsanlar saç və dəri baxımında ən çox hansı səhvləri edir?
– Ən çox gördüyümüz səhvlər bunlardır:
* Sosial mediada gördükləri hər trendi kor-koranə tətbiq etmək
* Dərini həddindən artıq yumaq
* Saçı davamlı istiliyə məruz qoymaq
* Uyğun olmayan məhsulları qarışdırmaq
* Problemin səbəbini yox, sadəcə görünüşünü gizlətməyə çalışmaq
– Bahalı məhsul həmişə keyfiyyət deməkdir?
– Xeyr, heç də həmişə belə deyil. Bəzən çox sadə formulalar daha effektiv nəticə verir. Qiymətin içində çox vaxt qablaşdırma, reklam və brend dəyəri də olur. Əsas olan məhsulun tərkibi və sizin saç və ya dəri tipinizə uyğunluğudur.
– Saç tökülməsi nə vaxt normal, nə vaxt artıq təhlükə siqnalıdır?
– Gün ərzində orta hesabla 50–100 tel saç tökülməsi normal hesab olunur. Amma əgər saçda görünən seyrəlmə varsa, alın xətti geri çəkilirsə, tökülmə qəfil başlayıbsa və ya qaşınma, qabıqlanma, ağrı müşahidə olunursa, artıq səbəbi araşdırmaq lazımdır.
– Saç və dəri problemləri bədəndəki hansı gizli problemlərin ilk siqnalı ola bilər?
– Çox vaxt saç və dəri bizə bədənin daxilində baş verən problemlər barədə ilk siqnalları verir. Məsələn:
* Dəmir və B12 vitamini çatışmazlığı
* Tiroid vəz problemləri
* Hormonal balanssızlıqlar
* Xroniki stress və yuxusuzluq
* Seboreya və akne ilə əlaqəli hormonal dəyişikliklər
* Bəzi autoimmun xəstəliklər
– Stress saçlarımızı və dərimizi həqiqətən dəyişdirə bilərmi?
– Bəli, həm də düşündüyümüzdən daha çox. Stress zamanı artan kortizol hormonu saç tökülməsini sürətləndirə, seboreya və akne kimi problemləri alovlandıra, dərini daha həssas və yorğun göstərə bilər. Bəzən güzgüdə gördüyümüz dəyişikliklərin səbəbi məhz daxili stress olur.
Saç tökülməsini artıra bilər
Seboreya - dermatit və akneni alovlandıra bilər
Dərini daha həssas edə bilər
Solğun və yorğun görünüş yarada bilər
Könül İbrahim
Musavat.com