Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Çin istehsalı olan elektrikli nəqliyyat vasitələri ilə bağlı yeni narahatlıq yaranıb.
Avtosfer.az xəbər verir ki, son dövrlər Avropa bazarında sürətlə yayılan bəzi Çin avtomobillərində qısa müddət ərzində paslanma hallarının müşahidə edildiyi bildirilir.
Məlumata görə, münasib qiymətləri ilə diqqət çəkən Çin istehsalı elektrikli avtomobillər xüsusilə Böyük Britaniya və Almaniya kimi rütubətli iqlimə malik ölkələrdə ciddi korroziya şikayətləri ilə gündəmə gəlib. İddialara əsasən, bəzi avtomobillərdə cəmi bir neçə aylıq istifadədən sonra alt hissələrdə, asma sisteminin birləşmələrində və qapı kənarlarında pas izləri yaranmağa başlayıb.
Şikayətlərin əsasən “MG” və “BYD” markalarının “MG4”, “MG ZS EV” və “Atto 3” modelləri ilə bağlı olduğu bildirilir. Mütəxəssislər hesab edirlər ki, qış aylarında yollara səpilən duz və yüksək rütubət problemi daha da sürətləndirir.
Məsələ ilə bağlı ən çox müzakirə olunan məqamlardan biri isə zəmanət siyasətidir. Belə ki, bəzi “MG” istifadəçiləri şirkətin reklam etdiyi 7 illik korroziya zəmanətinin yalnız metalın tam deşilməsi hallarında keçərli olduğunu iddia edirlər. Onların sözlərinə görə, mövcud paslanma “səthi korroziya” kimi qiymətləndirildiyi üçün təmir müraciətləri qəbul edilmir.
“BYD” markasında da oxşar problemlərin qeydə alındığı bildirilsə də, şirkətin zəmanət çərçivəsində müştəri şikayətlərini həll etməyə daha açıq yanaşdığı qeyd olunur.
Qlobal bazarda mövqelərini möhkəmləndirmək istəyən yeni avtomobil istehsalçıları yalnız münasib qiymətlə deyil, həm də uzunmüddətli keyfiyyət və davamlılıq göstəriciləri ilə etimad qazanmalıdırlar.
Mütəxəssislərin fikrincə, elektrikli nəqliyyat vasitələrinə marağın sürətlə artdığı bir dövrdə belə problemlər istehsalçıların reputasiyasına və alıcıların seçimlərinə birbaşa təsir göstərə bilər.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.