AZ

Şeir tək bir anın yox, uzun bir ruh halının izidir

Şeir

Raxshanda

Müəllif

Raxshanda

Mətanət Məmmədovanın illər əvvəl yazdığı şeir Nicat Etibarlının ifasında yenidən canlanaraq dinləyiciləri keçmişin kövrək yaddaşına aparır.Son günlər Azərbaycan ədəbi və musiqi mühitində diqqət çəkən hadisələrdən biri şairə Mətanət Məmmədovanın illər əvvəl qələmə aldığı “Qaytar mənə” şeirinin yenidən gündəmə gəlməsidir. Bu dəfə əsər musiqi formatında Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın tələbəsi Nicat Etibarlı tərəfindən ifa olunaraq efirlərdə səsləndirilib və sosial mediada geniş rezonans doğurub.Qısa zamanda yayılan ifa təkcə musiqi dinləyicilərinin deyil, ədəbiyyatsevərlərin də diqqətini çəkib. Dərin sevgi, ayrılıq və keçmiş xatirələrin ağrısını özündə daşıyan bu şeir dinləyicilərdə güclü nostalji hisslər yaradaraq geniş müzakirələrə səbəb olub.Bu maraq fonunda redaksiyamız əsərin müəllifi ilə söhbət etmək üçün şairəyə müraciət etdi. Mətanət Məmmədova bizi səmimiyyətlə qəbul edərək “Qaytar mənə” şeirinin həm yaranma ruhu, həm də musiqiyə çevrilməsi ilə bağlı düşüncələrini bölüşdü.“Əslində bu mənim üçün sadəcə sevinc deyildi. Daha çox içimdə uzun müddət susan bir duyğunun yenidən nəfəs alması idi. Bir şair üçün söz yazıldığı anda bitmir. O, yaşandıqca tamamlanır.Mahnını ilk dəfə dinləyəndə sanki öz yazdığım bir mətnə kənardan baxırdım; tanış idi, amma artıq mənə tabe deyildi. Həm kövrəldim, həm də izahı olmayan bir qürur hissi yaşadım. Çünki insan öz duyğusunu başqasının səsində eşidəndə müəlliflikdən çox şahidliyə keçir və bu, çox qəribə bir duyğudur.”“Qaytar mənə" bir hadisənin deyil, zamanla içimdə toplanan hisslərin poeziyaya çevrilmiş formasıdır. Bəzən insanın içində nə tamam gedən, nə də qalan xatirələr olur — onlar sadəcə yaşayır. Mən o hissləri sözə çevirməyə çalışmışam. Ona görə də bu şeir tək bir anın yox, uzun bir ruh halının izidir.”“Əslində bu şeir təkcə bir keçmişə ünvanlanmayıb. O, insanın itirdiyi hər şeyə — xatirələrə, duyğulara, hətta öz içindəki dəyişmiş mənə səslənir. Ona görə də hər oxuyan onda öz izini görür. Bəlkə də şeirin gücü elə bundadır. Mənim yazdığım hiss artıq mənə məxsus deyil, hər kəsin içində fərqli bir formada yaşayır.”Dinləyicilərdən aldığı rəylər arasında, o cümlədən vəzifə sahibi olan bir oxucunun səsləndirdiyi fikir xüsusilə yadda qalıb:“Bu mahnı bizi keçmişimizə qaytardı.”Şairə Mətanət Məmmədova üçün bu cümlə sadəcə bir rəy deyil, yaradıcılığın ən yüksək qiymətidir. Onun sözlərinə görə, sözün musiqiyə çevrilməsi şeirin forma dəyişməsi yox, yeni bir həyat mərhələsinə keçməsidir:Mən bunu yalnız yaradıcılıq hadisəsi kimi yox, sözün yaşamağa davam etməsi kimi görürəm. Əgər bir şeir musiqiyə çevrilirsə, deməli o artıq öz sərhədini aşır və insanlara toxunur. Mənim yazdığım bir duyğu artıq mənə aid deyil — o, hər kəsin içində fərqli bir formada yaşayır.Nəticə olaraq bu əsər bir daha təsdiqləyir ki, şeir təkcə yazılan söz deyil, yaşanan, dəyişən və hər dəfə başqa bir səsdə yenidən doğulan bir yaddaşdır; insanın içində səssiz qalsa belə yaşamağa davam edən bir duyğunun musiqiyə çevrilmiş halıdır.Sonda şairə redaksiyamız adından ona ayrılan zamana və səmimi müsahibəyə görə təşəkkürümüzü bildiririk. Mətanət Məmmədovanın yaradıcılıq yolunda sözün daim canlı qalmasını, yeni musiqilərdə nəfəs tapmasını və oxucularının qəlbində daha geniş yer almasını arzulayırıq.Sözün ruhu kimi incə, poeziyası kimi dərin yaradıcılıq uğurları daim onu müşayiət etsin.Redaksiya olaraq inanırıq ki, “Qaytar mənə” kimi əsərlər zaman keçsə də təsirini itirmir, əksinə hər yeni ifada yenidən doğularaq daha geniş ürəklərə yol açır.

Diqqət Çəkənlər

Şeir tək bir anın yox, uzun bir ruh halının izidir

Bu tarixdən Dərnəgüldən bölgələrə getmək mümkün olacaq

Azərbaycan neftinin qiyməti bahalaşdı

Seçilən
63
ulusum.az

1Mənbələr