AZ

Elçin aparıcıları tənqid etdi: “Məni iyrəndirdilər, artıq…”

Müğənni Elçin Cəfərov 29 may tarixində Heydər Əliyev Sarayında ilk solo konserti ilə çıxış edəcək. Konsert öncəsi mətbuat nümayəndələri ilə görüşən sənətçi onların suallarını cavablandırıb.

Sənətçi “Musavat TV”-yə açıqlamasında konsertdə tamaşaçıları nələrin gözlədiyindən danışıb:

"Konsertin tarixini xüsusi olaraq seçməmişəm. Əgər belə etsəydim, 18 oktyabrı seçərdim. Çünki həmin gün həm mənim doğum günümdür, həm də Müstəqilliyimizin Bərpası Günüdür. Amma təsadüf elə gətirdi ki, konsert 28 May - Müstəqillik Günündən sonrakı istirahət günlərinə təsadüf etdi. Konsertdə duetlər də olacaq, amma hələlik ad açıqlamaq istəmirəm. Mən uzun müddət sənətdən uzaq qalmışdım. Buna baxmayaraq, şükür ki, tamaşaçılar məni unutmayıb. İnsan bəzən düşünür ki, gündəmdə deyilsə, artıq yaddan çıxıb. Amma sevinirəm ki, belə olmadı”.

Azad olunmuş torpaqlarda - Laçın şəhərində ilk klip çəkən müğənni gələcək konsert planlarından da söz açıb:

"Böyük məmnuniyyətlə həmin torpaqlarda konsert vermək istəyərdim. Vətən müharibəsindən qısa müddət əvvəl Tovuz hadisələri başlayanda "Millətəm" mahnısını ərsəyə gətirdim. Çox istəyirdim ki, layihədə ölkənin bütün kişi sənətçiləri iştirak etsin, amma təəssüf ki, yalnız 10 nəfəri bir araya gətirə bildik. İlk dəfə etiraf edirəm ki, müharibə zamanı ordu sıralarına yazılmışdım. O vaxt bunun ictimailəşdirilməsini istəmədim. Bütün Vətən sevgimi, hisslərimi və yaşadıqlarımı bir musiqidə cəmləyərək ‘Millətəm’i yazdım. Təkcə Laçında deyil, hansı şəhərdə mənə şərait yaradılsa, orada təmənnasız konsert verməyə hazıram”.

Konsert öncəsi ölkənin tanınmış Xalq artistləri Aygün Kazımova və Röya Ayxan ilə duetlərə imza atan Elçin "Can” mahnısının uğurundan da danışıb:

"Hər iki mahnımız çox sevildi və uğurlu alındı. Amma etiraf etməliyəm ki, "Can" mahnısının uğurunu danmaq olmaz. Həmin mahnıda çox böyük hisslər var idi. Onu ifa edərkən özümü çox güclü hiss edirdim. Sanki arxamda böyük bir ordu dayanmışdı. Həqiqətən də Allah bir insanın yolunu açanda, o işıq onun üzərinə düşür. Mən də həmin hissi yaşadım. Sanki bu mahnı yaranmalı və məhz bu yerdə qərarlaşmalı idi”.

Sənətçi "Can” mahnısının oğlu Canla əlaqəli olub-olmamasına da aydınlıq gətirib: "Mahnının oğlumla birbaşa əlaqəsi yoxdur. Bəstə artıq yazılmışdı və adı da "Nə gözəlsən" idi. Mən onu ifa edəndə "Can" sözünü o qədər ürəklə dedim ki, həmin an oğlum yadıma düşdü. Bəlkə də mahnının uğurunun sirri elə bundadır. Ya da bu, oğlumun uğurudur ki, mənim payıma düşüb”.

Ətraflı video süjetdə:

Seçilən
27
musavat.com

1Mənbələr