AZ

İçinə elə maddələr qatırlar ki, beyin öyrəşir, asılılıq yaranır AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müasir həyatın sürətli ritmi və vaxt qıtlığı insanların qidalanma vərdişlərini kökündən dəyişərək fastfud məhsullarına olan marağı pik həddə çatdırıb. Xüsusilə gənclər arasında populyarlaşan bu qidalar, cəlbedici reklamlar və asan əlçatanlıq sayəsində gündəlik rasionun ayrılmaz hissəsinə çevrilib. Lakin dadlı və səmərəli görünən bu seçim arxasında ciddi sağlamlıq risklərini, o cümlədən piylənmə və xroniki xəstəliklər təhlükəsini gizlədir. Yüksək kalorili və yağlı qidaların mütəmadi qəbulu təkcə fiziki deyil, həm də psixoloji asılılıq yaradaraq ümumi həyat keyfiyyətini aşağı salır. Bu tendensiya cəmiyyətdə sağlam qidalanma mədəniyyətinin getdikcə zəifləməsi ilə bağlı ciddi narahatlıqlar doğurur. Beləliklə, sürətli qidalanma vərdişi müasir dövrün ən böyük gizli təhdidlərindən biri kimi qarşımızda dayanır.Qida məsələləri üzrə ekspert Ağa Salamov Demokrat.az saytına verdiyi açıqlamada bu məqamlara aydınlıq gətirib.O deyib ki, fastfud yalnız ət, çörək və kartof məhsulları ilə məhdudlaşmır:“Onun tərkibində təqdim olunan müxtəlif souslar da insanın qida qəbulunu artıran əsas amillərdən biridir. Məsələn, kartof frinin yanında verilən kokteyl sousu, svit çili sousu və digər sənaye üsulu ilə hazırlanan dadlandırıcı souslar insanın daha çox qida qəbul etməsinə səbəb olur. Eyni hal burqerlərin tərkibində istifadə olunan xüsusi souslara da aiddir. Bu cür süni dadlandırıcılar insan beynində müəyyən vərdiş və asılılıq formalaşdırır. Nəticədə orqanizm həmin dadlara öyrəşir və aclıq hissi yarandıqda yenidən fastfud məhsullarına yönəlmə meyli güclənir. Bu isə təkrarlanan qida davranışlarının yaranmasına gətirib çıxarır. Nəticə etibarilə, bu proses piylənmə, artıq çəki və qaraciyərin yüklənməsi kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu sahədə daha geniş məlumatı həkim mütəxəssislər verir. Xüsusilə qida qatqı maddələri, o cümlədən monosodium qlutamat (E621) kimi əlavələr fastfud məhsullarında tez-tez istifadə olunur və iştahanı artırıcı təsirə malik olduğu bildirilir”.O bildirib ki, digər mühüm məqam fastfudun hazırlanmasında istifadə olunan yağlardır:“Fritür yağları, xüsusilə trans yağlar uzunmüddətli istifadədə insan sağlamlığı üçün risk yaradır. Bu yağların mütəmadi qəbulu orqanizmə mənfi təsir göstərə bilər. Uşaqlar arasında da fastfud məhsullarına maraq geniş yayılıb. Valideynlər restoranlara getdikdə uşaqların kartof fri kimi məhsullara üstünlük verməsi tez-tez müşahidə olunur. Bu isə uşaqların qidalanma vərdişlərinə birbaşa təsir göstərir. Mütəxəssislərin fikrincə, bu cür qidalar uşaqlarda piylənmə, artıq çəki və mədə-bağırsaq sistemində müxtəlif problemlərə yol aça bilər. Bunun əksinə olaraq, uşaqlar və gənclər üçün mövsümi tərəvəzlərdən hazırlanan salatlar, təzə meyvələr və onların təbii şirələri daha faydalı qida mənbəyi hesab olunur. Eyni zamanda ət, balıq və toyuq məhsullarının balanslı istehlakı da vacibdir. Göyərti və tərəvəzlərin bol qəbulu orqanizmin vitamin və mineral ehtiyacını təmin edir, immun sistemini gücləndirir və xəstəliklərə qarşı müqaviməti artırır. Fastfud məhsullarında isə əksər hallarda vitamin və mineral baxımından zənginlik yoxdur. Xüsusilə kartof fri və qazlı içkilər “boş karbohidrat” hesab olunur. Bu cür qidalar orqanizmi kifayət qədər qidalandırmadığı üçün insan tez bir zamanda yenidən aclıq hiss edir. Nəticədə həddindən artıq qida qəbulu, qeyri-sağlam qidalanma və müxtəlif metabolik pozuntular yaranır. Beləliklə, fastfud və qazlı içkilərin mütəmadi istehlakı kökəlmə, piylənmə və ümumi sağlamlıq problemlərinə yol açan əsas amillərdən biri kimi qiymətləndirilir”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
demokrat.az

1Mənbələr