AZ

NYT: Si Tsinpin ABŞ ilə uzunmüddətli strateji qarşıdurmada Çinin “qələbə” modelinə əsaslanır...

Pekin Mao Tszedunun “Uzunmüddətli müharibə haqqında” nəzəriyyəsini ABŞ ilə rəqabətdə strateji xətt kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, The New York Times nəşri Çin rəhbərliyinin ABŞ ilə geosiyasi qarşıdurmada Mao Tszedunun strateji nəzəriyyələrinə əsaslandığını yazıb. Məqalədə qeyd olunur ki, Çin Prezidenti Si Tsinpin ABŞ ilə uzunmüddətli rəqabətdə Pekinin üstün mövqeyə çıxacağına inanır və bu yanaşmanı Çin dövlət strategiyasının əsas istiqamətlərindən biri kimi formalaşdırır.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trump bir il əvvəl Çin mallarına qarşı 145 faiz həcmində tariflər tətbiq etdikdən sonra Çin dövlət mediası ictimaiyyəti Mao Tszedunun 1938-ci ildə yazdığı “Uzunmüddətli müharibə haqqında” əsərinə yenidən diqqət yetirməyə çağırıb.

Beijing Daily qəzeti həmin məqaləni ABŞ-ın “xaotik hücumlarına” qarşı Çinin necə cavab verdiyini və niyə nəticədə Pekinin “yekun qələbə” əldə edəcəyini anlamaq üçün vacib mətn kimi təqdim edib.

Mao Tszedunun sözügedən əsərində Çin ordusunun Yaponiyaya qarşı mübarizə strategiyası təsvir olunur. Məqalədə əsas ideya ondan ibarətdir ki, ilkin mərhələdə daha zəif tərəf müdafiə olunur, daha sonra qüvvələr arasında tarazlıq yaranır və sonda güclənmiş Çin əks-hücuma keçərək qələbə qazanır.

NYT yazır ki, Si Tsinpin Mao tərəfindən vurğulanan strateji səbir, intizam və uzunmüddətli planlaşdırma ideyalarına xüsusi önəm verir. Kolumbiya Universitetinin tarixçisi Culian Qevirtsin fikrincə, Çin rəhbərliyi artıq “müdafiə mərhələsini” başa vuraraq ikinci – strateji tarazlıq mərhələsinə keçib.

Məqalədə qeyd olunur ki, Pekinin hazırkı əsas məqsədi zaman qazanaraq Çin iqtisadi və hərbi gücünü ABŞ-la müqayisədə artırmaqdır. Bununla yanaşı, Çin Vaşinqtondan tariflərin yumşaldılması, ixrac məhdudiyyətlərinin azaldılması və Tayvana silah satışının dayandırılması kimi güzəştlər əldə etməyə çalışır.

Nəşr həmçinin bildirir ki, Çin son illərdə Rusiya, Cənub-Şərqi Asiya ölkələri, Latın Amerikası və “qlobal cənub” ölkələri ilə əlaqələri gücləndirərək ABŞ-a qarşı geosiyasi balans formalaşdırmağa çalışır.

Məqalədə vurğulanır ki, Si Cinpin ABŞ-ın müttəfiqləri ilə münasibətlərdə yaranan gərginlikdən də istifadə etməyə çalışır. Bildirilir ki, son aylarda Çin rəhbəri Kanada, Böyük Britaniya və Almaniya liderlərini Pekində qəbul edib və bu səfərlərin qrafiki Donald Trampın səfərindən əvvəl planlaşdırılıb.

NYT qeyd edir ki, Pekində Trampın qəbulu Çin üçün yalnız diplomatik hadisə deyil, həm də qlobal auditoriyaya Çinin yüksəlişini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr