AZ

Cənubi Qafqazın geosiyasi transformasiyası: ssenarilər və proqnozlar

Regional geosiyasətə yanaşmalar

Cənubi Qafqazın geosiyasi dinamikası və onun mümkün transformasiya ssenariləri haqqında müxtəlif kontekstlərdə fikir yürütmək və proqnoz vermək olar. Biz məsələyə Azərbaycanın indiki dönəmdə xarici siyasətinin xüsusiyyətləri kontekstində yanaşacağıq. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycan regionun lider dövləti kimi ümumi geosiyasi mənzərəyə ciddi təsir göstərir. Bakının mövqeyini nəzərə almadan burada hər hansı davamlı geosiyasi dəyişmələrin olması mümkün deyil.

Digər səbəb dünyanın böyük güclərinin Cənubi Qafqaz siyasətində ön sıraya Azərbaycanı çıxarması ilə bağlıdır. Yəni qlobal miqyasda söz sahibi olan qüvvələr də artıq bu regiona müəyyən mənada Bakının gözü ilə baxırlar. Bunu region istiqamətində atılan addımlar da təsdiqləyir. Mütəxəssislər vurğulayırlar ki, uzun müddət böyük güclər Cənubi Qafqaza öz maraqları və ideologiyaları fonunda baxırdılar. Çünki burada onların maraqları kəsişirdi. ABŞ, Rusiya, Aİ, Türkiyə, İran, Fars körfəzi ölkələri regionda fəal idilər. Bu cür yanaşma regionda "çoxqatlı geosiyasi sistem" yaratmışdı. İlk olaraq Azərbaycan vurğulanan anlamda "kiminsə oyuncağı" olmadığını sübut etdi. Bakı "özünün strateji gələcəyinin müstəqil arxitektoru" olduğunu nümayiş etdirdi. Bunu rəsmi Bakı "iqtisadi praqmatizm, hərbi təmkin və diplomatik çeviklik"lə sübut etdi.

Deməli, Azərbaycan xarici siyasəti ilə regiona öz strateji gələcəyinin arxitektoru olmaq keyfiyyətini gətirdi. Buna görə də Cənubi Qafqazın hazırkı geosiyasi konfiqurasiyası və onun mümkün transformasiya ssenariləri rəsmi Bakının xarici siyasətindəki bu yenilik kontekstində araşdırılmalıdır.

Balanslı strategiya

Ekspertlər Azərbaycanın xarici siyasəti kontekstində Cənubi Qafqazın geosiyasi mənzərəsi ilə bağlı bir sıra xüsusiyyətləri xüsusi vurğulayırlar. Məsələn, yazırlar: "...Qlobal oyunçularla tərəfdaşlıq münasibətlərini eyni müstəvidə qoruyan balanslı strategiya çox vaxt ən düzgün seçim olur... Azərbaycan birmənalı olaraq Cənubi Qafqazın strateji dinamikasında əsas mərkəzdir... ABŞ və Avropa İttifaqının Cənubi Qafqaza marağının artması fonunda yüksək texnologiyalar, təhlükəsizlik və "yaşıl iqtisadiyyat" sahələrində əməkdaşlıq məsələləri xüsusi aktuallıq kəsb edir. İkitərəfli və çoxtərəfli layihələrin genişlənməsi regional sabitliyin möhkəmlənməsi və ölkənin qlobal iqtisadi və texnoloji sistemdə rolunun artması üçün imkanlar yaradır. Eyni zamanda strateji təşəbbüslər Cənubi Qafqazın uzunmüddətli inkişafına xidmət edir..."

Həqiqətən də, regionda əsas söz sahibi olan müstəqil dövlətin regional miqyasda qlobal oyunçularla tərəfdaşlıq münasibətlərini eyni müstəvidə qoruyan balanslı strategiya həyata keçirə bilməsi çox əhəmiyyətlidir. Çünki bu halda dövlət öz milli maraqları ilə regionda baş verən proseslərə ciddi təsir göstərən böyük güclərin maraqlarını vahid məntiqi müstəviyə gətirə bilir. Bu isə regional geosiyasətdə regional liderin - Azərbaycanın Cənubi Qafqazın strateji dinamikasında mərkəzi qüvvə olmasını təmin edir. Ayrılıqda ABŞ və Aİ-nin regionda marağının artması fonunda "yüksək texnologiyalar, təhlükəsizlik və "yaşıl iqtisadiyyat" sahələrində əməkdaşlıq məsələləri"nə xüsusi aktuallıq verir. Buradan məntiqi olaraq belə nəticə çıxır ki, ikitərəfli və çoxtərəfli layihələrin genişlənməsi regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir. Bu kimi təşəbbüslər isə ümumilikdə regionun uzunmüddətli və dayanıqlı inkişafına xidmət edir.

Azərbaycanın xarici siyasəti fonunda Cənubi Qafqazın geosiyasi gələcəyinə bu faktorların qarşılıqlı təsirləri müstəvisində baxmaq olar. Həmin kontekstdə regional geosiyasi transformasiyada mühüm rol oynaya biləcək faktorları müəyyən etmək lazımdır.

Reallığın dəyişdiyi yer

Ekspertlər çox haqlı olaraq Cənubi Qafqaz regionunu bir sıra aspektlərdə reallığın infrastruktur və nəqliyyat-logistika müstəvisində dəyişdiyi məkan kimi qiymətləndirirlər. Azərbaycan ekspertlərindən biri yazır: "Bu gün Ələt limanına və ya Gürcüstandakı dəmir yolu stansiyasına getsəniz, Cənubi Qafqazın artıq logistika hesabatlarında, sadəcə, bir xətt olmadığını görərsiniz. Bu, reallığın gözlərinizin önündə dəyişdiyi bir yerdir və bu, artıq analitikin proqnozu deyil, konteynerlərin sayında, tikinti müqavilələrində və diplomatik səfərlərin sıx cədvəlində əks olunan bir faktdır. Bu yaxınlara qədər region boru kəmərinin çəkilə biləcəyi bir periferiya kimi qəbul edilirdi, lakin indi rəqəmlər fərqli bir hekayəni danışır".

Burada əsas fikir ondan ibarətdir ki, dünya artıq Cənubi Qafqaza qlobal dəyişikliklərin fonunda baxmağa məcburdur. Artıq həmin yeni reallıqlar o səviyyədədir ki, regiona hansısa təşkilatın və ya qurumun logistika hesabatlarında verilən formal faktor kimi baxıla bilməz. Konkret faktları olan infrastruktur və logistika şəbəkəsini əsas olaraq nəzərə almaqla regionun geosiyasi mənzərəsini diqqətə almaq lazım gəlir. Bu, Azərbaycanın xarici siyasətinin prioritetlərinin tam həyata keçməsi sayəsində mümkün olmuşdur. Ələt limanında yüksəksəviyyəli xidmət şəbəkəsi olmasa, Gürcüstanın nə dəmiryolu stansiyası, nə də dəniz limanlarının regional geosiyasi dinamikaya müsbət təsirindən danışmaq mümkündür. Çünki Gürcüstan bir dövlət olaraq regional miqyasda sosial-iqtisadi, enerji, nəqliyyat-logistika, informasiya, ekologiya və sair infrastruktur sistemini yarada bilməz. Gürcüstan Azərbaycanın lazımi dəstəyi və konkret layihələri sayəsində regional geosiyasi mənzərənin mühüm fraqmentinə çevrilə bilir.

Bütün bunlara görə, indi region boru kəmərinin çəkilə biləcəyi bir periferiya kimi deyil, arxasında müstəqil Azərbaycanın liderinin dayandığı dinamik surətdə yeniləşən məkan kimi qəbul edilir.

Təbii ki, Cənubi Qafqazın geosiyasətində böyük güclərin rəqabətinin yeni çalarları mütləq müəyyən edilməlidir. Azərbaycanın xarici siyasəti fonunda bu məsələ necə görünür?

Çin və Qərb təşəbbüslərinin uzlaşması

Bu, Cənubi Qafqazın geosiyasi gələcəyi baxımından çox əhəmiyyətli və aktual istiqamətdir. Şübhə yoxdur ki, hazırda ABŞ başda olmaqla Avropa İttifaqı ilə Çin arasında dünyada nüfuz dairələrinin yeni geosiyasi bölgüsü uğrunda kəskin mübarizə gedir. Onun əsas tərəflərindən birini iqtisadi, enerji və nəqliyyat layihələri təşkil edir. Son dövrlərdə isə əlvan metallar uğrunda əsl savaş başlamışdır.

İki böyük qlobal geosiyasi gücün regiondakı savaşı, əlbəttə, çox ciddi prosesləri meydana gətirir. Ekspertlər sırasında problemə məhz bu kontekstdə yanaşaraq yaranmış situasiyanı təhlil edib proqnostik baxımdan maraqlı tezislər irəli sürənlər də var. Bu baxımdan aşağıdakı qənaət diqqət çəkir.

Bəzi ekspertlər hazırkı mərhələdə Cənubi Qafqazı "qlobal rəqabətin mərkəzi" kimi təqdim edir və onun başlıca əlamətləri olaraq bir sıra faktorları vurğulayırlar: "Çinin "Bir kəmər, bir yol" təşəbbüsü sürəti və miqyası ilə standartlara və şəffaflığa üstünlük verən "Qlobal qapı" kimi Qərb təşəbbüsləri ilə toqquşur. Kağız üzərində bu yanaşmalar iki fərqli dil kimi bir-birinə uyğun gəlmir, lakin limanlarda və gömrük terminallarında onların nümayəndələri gündəlik danışıqlar aparmaq məcburiyyətində qalırlar.

Mərkəzi Asiya ölkələrinin, Hindistanın, İranın, Fars körfəzi ölkələrinin və Türkiyənin maraqları bir-birinə qarışmışdır və xəritə ikili müxalifətdən daha mürəkkəb hala gəlmişdir. Nəticədə Cənubi Qafqaz qlobal rəqabətin bəyannamələrlə deyil, fərqli sistemlərin paralel olaraq nə qədər effektiv işləyə biləcəyi ilə sınaqdan keçirildiyi və geoiqtisadi gərginliklərin bütün iştirakçılar üçün inkişafın hərəkətverici qüvvəsinə çevrildiyi unikal bir arena kimi ortaya çıxır".

Burada regiona yanaşmada müəyyən natamamlıq müşahidə olunur. Məsələ ondan ibarətdir ki, Mərkəzi Asiya ölkələrinin, Hindistanın, İranın, Fars körfəzi ölkələrinin və Türkiyənin maraqlarının bir-birinə qarışması səbəb deyil, nəticədir. Başlıca geosiyasi oyunçular ABŞ, Çin və Rusiyadır. Son dövrlərdə İsrail də özünü ortaya atmağa çalışır. Məhz onların maraqları bölgədə bir-birinə qarışmışdır və bunun nəticəsində region dövlətləri, İran, Türkiyə, Mərkəzi Asiya ölkələri, Hindistan və digərləri olduqca həssas geosiyasi durumla üzləşmişlər. Məhz bu reallığı qəbul etməklə müsbət nəticəverici mövqedən hansı mənalarda Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə Qərbin "Qlobal qapı" strategiyasının Cənubi Qafqazda uzlaşdığını təhlil edə bilərik.

Azərbaycanın xarici siyasətinin indiki mərhələdə aktual prioritet istiqamətlərindən biri kontekstində vurğulanan özəllik bir sıra maraqlı tezisləri gündəmə gətirir.

"Bir kəmər, bir yol" - "Qlobal qapı": Azərbaycanda dialoq

Cənubi Qafqazın bütün iştirakçılar üçün inkişafın hərəkətverici qüvvəsinə çevrildiyi unikal bir arena kimi ortaya çıxması imkanı reallaşmalıdır. Bunun üçün regional liderin realpolitika çərçivəsində həyata keçirdiyi praqmatik siyasət ilə böyük güclərin bu yanaşmanı qəbul etməsi qarşılıqlı şəkildə bir-birini tamamlamalıdır. Azərbaycan Prezidentinin regional miqyasda səmərəverici praqmatik siyasi kurs yeritməsinin təsdiqi Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrdən həm region ölkələrinin, həm də böyük güclərin qarşılıqlı faydalılıq prinsipi əsasında bəhrələnməsi öz əksini tapır.

Buna görə də aşağıdakı qənaəti düzgün hesab etmək olar: "Regionun hazırkı dinamikasını yüksəksəviyyəli geosiyasi qarşıdurma deyil, məhz… gündəlik, praqmatik birgəyaşayış müəyyən edir. Cənubi Qafqaz mürəkkəb, çoxölçülü bir sistemə çevrilmişdir ki, burada uğur kimin modelinin mücərrəd rəqabətdə "qalib gəlməsi" ilə deyil, fərqli oyunçuların konkret layihələrdə nə qədər effektiv şəkildə ortaq məxrəc tapması ilə ölçülür; kompromis danışıqlar otaqlarında deyil, konteynerlərin, standartların və maliyyə axınlarının kəsişməsində yaranır".

Bu imkan Azərbaycanın xarici siyasətinin səmərəli olmasından qaynaqlanır. Region ölkələrinin və böyük güclərin "konkret layihələrdə effektiv şəkildə ortaq məxrəc tapması"nın təməl şərtlərini və ümumi modelini Azərbaycan yaratmışdır. Həyata keçirilən layihələr "Bir kəmər, bir yol"la (Çin təşəbbüsü) "Qlobal qapı"nın (Qərb) Cənubi Qafqazda "geosiyasi dialoqu"nu təmin edirlər.

Bu prosesdə Orta dəhlizin xüsusi rolu var. Ümumiyyətlə, bu marşrut Çindən başlayaraq Rusiyadan yan keçməklə Mərkəzi Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Türkiyə-Avropa istiqamətində uzanan böyük bir coğrafi ərazini əhatə edir. Ona Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) da deyilir.

Həmin marşrutun tərkibində Zəngəzur dəhlizinin (TRIPP) rolu xüsusi əhəmiyyət kəsb edir. Çünki ekspertlər Zəngəzur dəhlizinə Azərbaycanın Türkiyə ilə quru yolla birləşməsinin əsas əlaqə yaradan məkanı kimi baxırlar.

Beləliklə, Orta dəhliz geniş bir coğrafiyada Şərqlə Qərbi birləşdirə bilən layihə olaraq çox aktualdır. Azərbaycan Prezidenti İlham Əliyevin Orta dəhlizin işləməsi üçün çox səmərəli addımlar atdığı dünya tərəfindən etiraf edilir. 2025-ci il sentyabrın 24-də dövlət başçımız "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusunda 6-cı Xəzər Biznes-Forumunun iştirakçılarına ünvanladığı müraciətdə vurğulamışdır: "Orta dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.

Azərbaycanın əlverişli coğrafi mövqeyi - iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir".

Beləliklə, Azərbaycan Prezidenti Orta dəhlizin geosiyasi əhəmiyyətini ölkəmizin xarici siyasəti kontekstində dolğun şəkildə ifadə etmişdir. Məhz Azərbaycan liderinin fəaliyyətinin əsasında tədqiqatçılar belə qənaətə gəlmişlər ki, Orta dəhlizdə əsas məkan kimi Azərbaycan çıxış edir ki, Gürcüstandan Türkiyəyə gedən boru xəttinin tikintisinə 20 milyard dollar sərmayə qoymuşdur.

Deməli, Azərbaycanın xarici siyasəti Orta dəhlizin geniş coğrafi məkanda faydaverici funksiya yerinə yetirməsi üçün ciddi rol oynamışdır. Rəsmi şəxslər bu barədə geniş bəhs edirlər. Vurğulanır ki, Orta dəhlizin idarə edilməsində bir neçə dövlət aparıcı rol oynayır. Ölkələrin mehriban qonşuluq fəlsəfəsi üzərində qurulan bu layihə bir-birindən fayda götürməyə və ümumi məqsəd uğrunda kollektiv fəaliyyət göstərməyə imkan verir. Məsələnin bu aspektində Azərbaycanın rolu əvəzsizdir.

Beləliklə, Azərbaycanın xarici siyasətində Cənubi Qafqazın geosiyasi gələcəyi baxımından böyük əhəmiyyəti olan məqamlar yer almışdır. Azərbaycan rəhbəri həyata keçirdiyi siyasətlə real olaraq regional inkişafa və sabitliyə qiymətli töhfələrini verir. Onların sırasında rəsmi Bakının Orta dəhlizin işə salınması istiqamətində atdığı addımlar xüsusi yer tutur.

Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr