AZ

…dünən, bu gün, “Sabah”

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

10+ ildir davam edən “Qarabağ” hegemoniyasına “Neftçi” dramatik çempionluğu (2020/21) ilə yüngül badalaq vurmuşdusa, bu mövsüm “Sabah” buna dağıdıcı üstünlüklə nail oldu. “Atlılar”ın çempionluğa oynayıb 2-ci yeri tutduğu mövsümlərin heç birində liderlə xal fərqi bu boyda (12) olmamışdı.

“Bayquşlar”ın möhtəşəm keçən mövsümü ölkə kubokunun qalibi olmaqla “qızıl dubl” ilə şöhrətləndi.

Valdas Dambrauskasın rəhbərliyi ilə gözoxşayan sezon keçirən “futuristlər” avrokuboklarda yaxşı nəticə qazanacağına da böyük inam yaradıb.

2018-dən Premyer Liqada çıxış etməyə başlayan gənc klub qısa zamanda böyük nailiyyətlər əldə edib. Xüsusən son 3-4 ili intensiv irəliləyişdə/yüksəlişdə keçiriblər…

Həm idarəçilikdə, həm də komanda quruculuğunda islahatlar uğurlu oldu. Əvvəllər naşı addımlar bu klub haqda inamsızlıq yaradırdısa, son illər gedişat başqa cür idi.

Xüsusən, Murad Musayev baş məşqçi gətiriləndən sonra sanki “Sabah” “ümidverici gəncdən” “iddialı tineycerə” çevrilməyə başladı. Ancaq bu məqamda bir detalı xatırlatmaq istərdim.

Musayevlə yollar ayrılmamışdan 3-4 ay əvvəl klubdaxili ab-havanın ürəkaçan durumda olmadığına dair məqalələr yazmışdım. Elə həmin ərəfələrdə “Sabah” ölkə kubokundan ələndi, avrokuboklara vəsiqə uğrunda mübarizədə geri düşdü…

Musayev getdi.

Klubun özünü toparlaya bilməyəcəyini düşünənlərdən idim.

Maqsud Adıgözəlovun eqosentrik xarakterinin daim problem yaradacağını iddia edirdim.

Lakin elə o gərginliyin nizama düşməyindən tutmuş, irili-xırdalı – uğura aparan bütün detalları film kadrları kimi gözümün önündən keçirirəm…

İndi “qızıl dubl” etmiş, üstəlik bunu yüksək səviyyəli futbolla bacarmış bir klubun prezidentini rahat tərifləmək olar. Ancaq tərifim arqumentaldır: Adıgözəlov eqosentrik tipajına uğurlu müdaxilələr etmiş və böyük pozitiv transformasiyaya nail olmuşdu.

Son illər ənənəvi ilsonu və mövsümsonu müsahibələrimizdə sezirdim. Maqsud bəy təmkinli və sistematik idarəçi yanaşması ilə klubu özünəməxsus imicə yetirə bildi.

İndi öz fəlsəfəsi olan və kultu formalaşmış bir “Sabah” var və insafən, “Qarabağ” kimi bir sistemə qarşı mübarizədə çempion olmağı bacarmaq hörmətə layiqdir.

Son müsahibəmizdə (dekabr, 2025), “Çempion ola bilərsinizmi?” sualıma cavabı gözəl idi: “Əsas mental cəhətdən buna hazır olmaqdır”.

İşin kökü bundadır. Mentallıq qurulanda çempionluq yox, daim böyümək, yeni hədəflərə fokuslanmaq prioritet olur.

Fəlsəfi yanaşma uğurludur və nəticəsini də büruzə verir. Bu yanaşma əsasında “Sabah” çempionluqlara hədəflənmiş kulta çevriləcək.

Təsadüfi deyil ki, əksəriyyət bu komandanın avrokubokda uğurlu çıxış edəcəyini, hələ növbəti mövsüm də çempionluğa əsas namizəd olacağını düşünür. Çünki irili-xırdalı nöqsanlara rəğmən, çempionluğun layiqli, keyfiyyətli oyunla qazanıldığı görünür.

“Sabah”ın bu məqama yüksəlişi hörmətə layiqdir. Lakin zirvədə qalmaq ora qalxmaqdan çətindir.

Elçin Cəlilov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
futbolpress.az

1Mənbələr