AZ

Dünya interneti İranın nəzarətinə keçəcək? – Rəqəmsal quldurluq TƏHLÜKƏSİ

Xəbər verdiyimiz kimi, İran Hörmüz boğazının dibi ilə keçən beynəlxalq internet kabellərinə nəzarət etməyə və onların istifadəsinə görə ödəniş tələb etməyə hazırlaşır. İddialara əsasən, Tehran bu tələblər yerinə yetirilməyəcəyi halda kabellərin kəsilməsi variantını da gündəmə gətirir.

Məlumatda bildirilir ki, söhbət qlobal internet trafikinin mühüm hissəsini daşıyan strateji kommunikasiya xətlərindən gedir.

Qeyd olunur ki, müasir dünyada sualtı internet kabellərinə mümkün müdaxilə yalnız rabitə problemi yaratmır. Bu xətlər üzərindən bulud texnologiyaları, beynəlxalq ödəniş sistemləri, məlumat mərkəzləri və süni intellekt infrastrukturu da fəaliyyət göstərir. O da bildirilir ki, Hörmüz boğazından keçən kommunikasiya xətlərində yaranacaq mümkün böhran qlobal internet sisteminə və dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər.

Elvin

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Musavat.com-a şərhində bildirib ki, Hörmüz boğazı ətrafında yaranan bu vəziyyət qlobal rəqəmsal təhlükəsizlik üçün olduqca ciddi və kritik bir təhdiddir: “Müasir dövrdə qlobal internet trafikinin təxminən 95-99%-i məhz sualtı kabellər vasitəsilə daşınır və bu kabellərin fiziki toxunulmazlığı beynəlxalq hüquqla, xüsusilə BMT-nin Dəniz Hüququ Konvensiyası ilə qorunur.

İranın bu xətlərə nəzarət etmək və ya ödəniş tələb etmək cəhdi faktiki olaraq rəqəmsal dəniz quldurluğu kimi qiymətləndirilə bilər. Belə bir müdaxilə, təkcə rabitənin kəsilməsi deyil, həm də beynəlxalq bank köçürmələrinin dayanması, qlobal bulud infrastrukturunun iflici və süni intellekt əsaslı real-zaman xidmətlərinin çökməsi deməkdir”.

Ekspertə görə, bu təhlükədən çıxış yolu ilk növbədə rəqəmsal marşrutların diversifikasiyasından (şaxələndirilməsindən) keçir: “Hörmüz boğazı kimi geosiyasi baxımdan həssas nöqtələrdən asılılığı azaltmaq üçün alternativ quru və dəniz yolları, o cümlədən Azərbaycanın da mühüm rol oynadığı “Rəqəmsal İpək Yolu” layihələri (məsələn, Xəzər dənizinin dibi ilə çəkilən kabellər) strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, orbitdə fəaliyyət göstərən peyk interneti (məsələn, Starlink) yerüstü və sualtı infrastruktur zədələndiyi təqdirdə kritik xidmətlərin davamlılığını təmin edə biləcək ən güclü ehtiyat variantdır. Beynəlxalq birliyin bu kabelləri “kritik infrastruktur” elan edərək onların təhlükəsizliyini kollektiv şəkildə qoruması yeganə uzunmüddətli həll yoludur”.

Nigar Həsənli,
Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr