AZ

Bakıda qardaşları bıçaqlayan şəxs: “Hadisə narkotiklə bağlı iddiaların müzakirəsi zamanı yarandı”

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şəmsi Məmmədlinin cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İttihama əsasən, Məmmədli Şəmsi Qəşəm oğlu 2024-cü il dekabrın 8-də saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən istifadəsiz tikilinin həyətində əvvəlcədən yaranmış mübahisəni aydınlaşdırmaq məqsədilə keçirilən görüş zamanı xuliqanlıq niyyəti ilə hərəkət edib.


Məlumata görə, tərəflər arasında dostları vasitəsilə yayılan məlumatların, o cümlədən narkotik vasitələrin satışı ilə bağlı iddiaların həqiqətə uyğun olub-olmaması məsələsi müzakirə edilib. Görüş zamanı mübahisə kəskinləşib və qarşılıqlı ittihamlar səsləndirilib. Bu zaman təqsirləndirilən şəxs Babək Nuriyevin sifət nahiyəsinə yumruq zərbəsi vurub.


Hadisənin gedişində Babək Nuriyevin qardaşı Rəvan Nuriyev onu müdafiə etmək məqsədilə müdaxilə edib və Şəmsiyə təpik vurub. Bunun ardınca Şəmsi üzərində daşıdığı bıçağı çıxararaq Rəvan Nuriyevin sol qol nahiyəsinə zərbə endirib. Nəticədə Rəvan Nuriyevə sol said nahiyəsinin kəsilmiş yarası kimi qiymətləndirilən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət yetirilib.


Bundan sonra təqsirləndirilən şəxs hadisənin gedişində yaranmış vəziyyəti bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Babək Nuriyevi qəsdən öldürmək qərarına gəlib. O, Babək Nuriyevin və Rəvan Nuriyevin qarşısında əlindəki bıçaqla ardıcıl zərbələr endirib.


Babək Nuriyevin aktiv müqaviməti, ətrafdakı şəxslərin, o cümlədən Pərviz İbrahimov və digər şəxslərin müdaxiləsi, həmçinin bıçağın təqsirləndiriləndən alınması nəticəsində hadisənin davamı dayandırılıb.
 

Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub və bu səbəbdən cinayət əməli başa çatdırılmayıb.


Məhkəmə istintaqı zamanı Şəmsi Məmmədli elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində deyib ki, hadisə narkotiklə bağlı iddiaların müzakirəsi zamanı yaranan mübahisədən başlayıb. Onun sözlərinə görə, məqsədi söhbəti aydınlaşdırmaq olub və əvvəlcə fiziki qarşıdurma olmayıb.


Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, Babək Nuriyev yüksək səslə danışdığı üçün ona yumruq vurub, daha sonra isə hadisə qarışıqlıq şəraitində inkişaf edib. O, bıçaqdan istifadə etdiyini etiraf etsə də, bunun özünü müdafiə və vəziyyətin təsiri altında baş verdiyini bildirib.


O həmçinin iddia edib ki, hadisədən sonra ətrafdakı şəxslərlə birlikdə zərərçəkmişə yardım göstərilməsinə çalışılıb.


Cinayət işi üzrə Məmmədli Şəmsi Qəşəm oğluna qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4 və 128-ci maddələri ilə ittiham irəli sürülüb.


Hökmə əsasən, 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 14 May 2026, 08:28   
Seçilən
22
pravda.az

1Mənbələr