AZ

Biləsuvarda WUF13 çərçivəsində AMİU-nun müəllimləri ilə görüş keçirilib

Biləsuvarda rayon icra hakimiyyətinin və Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksinin birgə təşkilatçılığı ilə WUF13-ə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin  əməkdaşları ilə rayon ictimaiyyətinin görüşü keçirilib.

Adıçəkilən məktəb-lisey kompleksində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, AMEA-nın muxbir üzvü, professor, AMİU-nun kafedra müdiri İslam Mustafayev, baş müəllim, memarlıq doktoru İlqar Əliyev, Fövqəladə hallar kafedrasının dosenti Emil Qafarov iştirak ediblər. 

Çıxış edən Faiq Qürbətov dünyanın WUF kimi ən böyük beynəlxalq platformalarından birinin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu, ilk növbədə Azərbaycanın şəhərsalma və məskunlaşdırma fəaliyyətində müasir standartlara əsaslandığının göstəricisidir: "Bu sahədə Azərbaycanın dünyaya təqdim etmək üçün kifayət qədər nailiyyətləri var. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri Azərbaycanın bu sahədəki innovativ yanaşmasının bariz nümunəsidir. Bu mühüm forumun Bakıda keçirilməsi respublikamızın beynəlxalq miqyasda artan nüfuzunu bir daha təsdiqləməklə yanaşı, yerli mütəxəssislərin qlobal təcrübədən faydalanması üçün yeni imkanlar açacaq. Bu məqsədlə Biləsuvar rayonunda keçirilən görüş də gənc nəslin memarlıq və şəhərsalma sahəsində maariflənməsinə, habelə regionlarımızın dayanıqlı inkişaf perspektivlərinin müzakirəsinə böyük töhfə verir".

Professor İslam Mustafayev çıxış edərək bildirib ki,  son illər Azərbaycanda həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri strateji yanaşmanın mövcudluğunu aydın nümayiş etdirir: "Paytaxtın və digər şəhərlərimizin görkəminin yenilənməsi, müasir urban standartlarına uyğunlaşdırılması, eyni zamanda tarixi və mədəni irsin qorunması balanslaşdırılmış şəkildə həyata keçirilir. İstər paytaxtımızda, istərsə də bölgələrdə şəhərsalma istiqamətində ən qabaqcıl müasir standartlar tətbiq edilməklə görülən işlər, irimiqyaslı layihələr sosial-iqtisadi inkişafa güclü təkan verib, ölkəmizi bu sahədə dünyanın qabaqcılları sırasına çıxarıb".

Digər çıxış edənlər qeyd ediblər ki, forumun əsas və strateji mexanizmlərindən biri olan tərəfdaş tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarının beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlər vasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər. Onlar WUF13-ün məhz bu cür yanaşmaların müzakirəsi və yayılması üçün mühüm platforma olduğunu qeyd edərək bildiriblər ki, bu forum yalnız beynəlxalq təcrübənin paylaşılması ilə məhdudlaşmır, həm də şəhərlərin gələcək inkişaf strategiyalarının formalaşmasına təsir edən ideyaların meydana çıxdığı məkandır. Azərbaycan üçün belə platformalar həm yerli şəhərsalma düşüncəsinin inkişafına, həm də beynəlxalq inteqrasiyaya töhfə verir. Ən əsası isə şəhərsalmanın mərkəzinə insan təcrübəsini və məkanın hiss edilən keyfiyyətini yerləşdirərək daha dayanıqlı, daha humanist və daha yaşana bilən şəhərlərin formalaşmasına şərait yaradır. Sonda vurğulanıb ki, WUF13 Azərbaycanda şəhərsalma və memarlıq sahəsində görülən işlərin beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunması üçün mühüm platforma olacaq, ölkəmizin regional lider kimi mövqeyini daha da möhkəmləndirəcək. 

Seyran CAVADOV,

"Azərbaycan"

Seçilən
44
azerbaijan-news.az

1Mənbələr