Almaniyada ticarət sahəsində əməkhaqqı ilə bağlı danışıqların dalana dirənməsi ilə əlaqədar “Ver.di” həmkarlar ittifaqı ilk ümummilli xəbərdarlıq tətillərinə dair çağırış edib. Çağırışla əlaqədar mayın 15-də ölkədə bir çox müəssisədə işin dayandırılacağı gözlənilir. Genişmiqyaslı etiraz aksiyalarının əsasən, Frankfurt, Hamburq, Ştutqart və Dortmund şəhərlərində keçirilməsi planlaşdırılır.
Hafta.az xəbər verir ki, tətil çağırışı pərakəndə, eləcə də topdan və xarici ticarət sektorlarında davam edən tarif mübahisələri ilə bağlıdır. İşəgötürən tərəfin, o cümlədən Almaniya Ticarət Assosiasiyasının təklifi altı ay ərzində heç bir artımın olmamasını, noyabrın 1-dən 2 faiz və gələn il avqustun 1-dən əlavə 1,5 faiz maaş artımını nəzərdə tutur.
“Ver.di” isə mövcud təkliflərin nə inflyasiyanı kompensasiya etdiyini, nə də artan yaşayış xərclərini qarşıladığını bildirərək, təklifi qəbuledilməz adlandırıb və 7 faizlik maaş artımı, yaxud aylıq ən azı 225 avro artım tələb edir.
Almaniyada ticarət sektoru 5,2 milyon nəfəri əhatə edir. Onlardan 3,4 milyonu pərakəndə ticarət sahəsinə aiddir. “Ver.di” əməkhaqqı artımı ilə yanaşı, daha çox tamştatlı iş yerləri, güclü tarifə bağlılıq və daha yüksək təhsil ödənişləri tələb edir.