Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Son illərdə avtomobil bazarında Çin istehsalı olan nəqliyyat vasitələrinin sayı sürətlə artıb və bu trend ölkəmizdə də açıq şəkildə hiss olunur. Daha münasib qiymət, zəngin avadanlıq və yeni texnologiyalarla təqdim olunan bu avtomobillər ilkin mərhələdə alıcılar üçün cəlbedici görünsə də, istifadə prosesində fərqli reallıqlar ortaya çıxır. Məhz bu səbəbdən bəzi sürücülər artıq aldıqları avtomobillərlə bağlı məmnuniyyətsizliklərini ifadə edirlər və hətta “Çin maşınının birini aldım, o da əlimdə qaldı” kimi fikirlər səsləndirirlər.Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, Çin avtomobilləri bazara nisbətən yeni daxil olub və əsasən son illərdə yayılmağa başlayıb:“Zaman keçdikcə onların həm müsbət, həm də mənfi tərəfləri daha aydın görünür. Lakin hazırda mənfi tərəflərin daha çox olduğu müşahidə edilir. Məsələn, bəzi modellərdə xüsusilə “Changan” və “BYD” markalarında 50-60 min kilometrdən sonra texnoloji problemlər yaranır. Android əsaslı sistemlər tez-tez yenilənmə və ya format tələb edir. Bu sistemlər faktiki olaraq smartfon prinsipi ilə işləyir və zaman keçdikcə istifadəçini narahat edən problemlər yaradır. Belə hallar olur ki, avtomobil hərəkətdə olarkən sistem yenilənmə və ya format tələb edir. İnternet və ya Wi-Fi bağlantısı olmadıqda isə bu proses mümkün olmur və bu da sürücüyə əlavə çətinlik yaradır. Bəzən sürücülər məhz bu səbəbdən servis məntəqələrinə yaxınlaşıb internetə qoşulmağa məcbur olurlar. Hibrid sistemlərdə də oxşar problemlər müşahidə edilir. Yeni alınarkən batareya ilə 70-80 kilometr məsafə qət etmək mümkün olduğu halda, 50-60 min kilometrdən sonra bu göstərici 40-50 kilometrə qədər düşür. Bu isə zamanla batareyanın zəiflədiyini göstərir. Bu vəziyyət mobil telefon batareyalarına bənzəyir. İlkin dövrdə uzun müddət enerji saxlayan batareya, zaman keçdikcə daha tez boşalır və tez-tez enerji yığmağa ehtiyac yaranır. Eyni proses avtomobillərdə də müşahidə oluna bilər. Nəticə etibarilə, belə ehtimal olunur ki, yüksək yürüşdən sonra bu avtomobillər ya tez-tez enerji doldurulmasına ehtiyac duyacaq, ya da əsasən benzin mühərriki ilə istifadə olunacaq”. O qeyd edib ki, bu avtomobillərin texnoloji və mexaniki baxımdan uzunmüddətli dayanıqlığı hələ tam sübut olunmayıb və zaman keçdikcə daha aydın qiymətləndiriləcək:“Bu mövzuda əsasən hibrid sistemlər, batareya və android əsaslı idarəetmə sistemi haqqında danışmışdım. Amma məsələ təkcə bununla bitmir. Avtomobilin asqı sistemi hissəsi, mühərriki və sürətlər qutusu kimi əsas texniki komponentlər də vacib amillərdir. Yeni alınan avtomobillər müəyyən müddət normal işləyir. Lakin zaman keçdikcə problemlər üzə çıxmağa başlayır. İndidən belə, avtomobilə ümumi baxış zamanı bəzi keyfiyyət fərqlərini görmək mümkündür. Məsələn, 2018-2019-cu illərin “Hyundai” və ya “Kia” markalı avtomobili ilə 2025-ci il istehsalı “Changan” və ya “BYD” markalı avtomobili müqayisə etdikdə, keyfiyyət baxımından ciddi fərqlər müşahidə olunur. Bu fərqlər avtomobilin detallarında, asqı sistemi hissəsində və xüsusilə qəza zamanı davranışında özünü göstərir. Müqayisə üçün deyə bilərəm ki, Hyundai və ya Kia ilə baş verən qəza ilə Çin istehsalı avtomobillərlə baş verən qəza arasında etibarlılıq baxımından fərqlər var. Bu avtomobillərdə dözümlülük və davamlılıq məsələləri tam aydın deyil. Eyni zamanda, qəza testləri ilə bağlı açıq və geniş məlumatlara da az rast gəlinir. Məsələn, digər markalarda avtomobillər müxtəlif sürətlərdə divara çırpılaraq test olunur və sərnişin təhlükəsizliyi qiymətləndirilir. Çin avtomobilləri ilə bağlı isə bu tip test nəticələri geniş şəkildə təqdim olunmur. Mexaniki dayanıqlıq baxımından da müqayisə aparsaq, köhnə model məsələn, 2007-2008-ci illərin “Mercedes”, “Hyundai” və ya “Kia” avtomobilləri çətin yol şəraitində daha stabil nəticə göstərə bilir. Eyni şəraitdə yeni Çin avtomobillərinin necə davranacağı isə sual doğurur. Digər mühüm məsələ isə bu avtomobillərin ikinci əl bazarındakı vəziyyətidir. Yeni, məsələn 2025-2026-cı il buraxılışlı avtomobili bir ildən sonra satmaq çətin olur. Satılsa belə, dəyərindən xeyli aşağı qiymətə satılır”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.