AZ

Avtomobil nəhəngi 79 illik zavodunu bağlayır: Sonuncu avtomobillər hərraca çıxarılıb

Müəllif: Mehin Qasımova, Banco.az

“Saab”  avtomobil sənayesində uzun illər davam edən fəaliyyətinə rəsmən son qoymağa hazırlaşır.

Banco.az xəbər verir ki, 1947-ci ildən istehsalın əsas mərkəzi olan İsveçin Trollhättan şəhərindəki tarixi zavod fəaliyyətini dayandırır və burada qalan son nəqliyyat vasitələri ilə istehsal avadanlıqları hərraca çıxarılır.

“The Drive” nəşrinin məlumatına görə, 2012-ci ildə "Saab"ın müflis olmasından sonra şirkətin aktivlərini idarə edən National Electric Vehicle Sweden (NEVS) fəaliyyətini tamamilə dayandırmaq qərarı verib. Bununla da zavodda saxlanılan son prototip avtomobillər və istehsal avadanlıqları satışa çıxarılıb.

Məlumata görə, hərracda "Saab"ın texnoloji transformasiyasını əks etdirən nadir avtomobillər kolleksiyaçılara təqdim olunacaq. Satışa həmçinin minlərlə ehtiyat hissəsi, dizayn modelləri və brendin tarixi plakatları da daxil edilib.

Tarixi zavodun bağlanışı ilə bağlı hərracın 21 may tarixində başlaması və 30 mayda başa çatması planlaşdırılır. Son gün "Saab" həvəskarları üçün Trollhättan zavoduna xüsusi ziyarət imkanı da yaradılacaq.

Bununla yanaşı, NEVS mühəndisləri tərəfindən hazırlanmış və gələcəyin elektrik sedanı kimi təqdim edilən "Emily GT" layihəsinin də tamamilə dayandırıldığı bildirilib. Kütləvi istehsala çıxarılması planlaşdırılan modelin bazara gətirilməsi istiqamətində cəhdlərin uğursuz olduğu qeyd olunur.

Seçilən
18
1
banco.az

2Mənbələr