Son sutka ərzində Ukrayna ərazisinə yüzlərlə “Şahed” pilotsuz aparatı və onlarla raket buraxılıb, enerji infrastrukturu və sənaye obyektləri hədəfə alınıb...
Poliqon xəbər verir ki, Ukrayna Baş naziri Yuliya Svırıdenko ölkə ərazisinə müharibənin başlanğıcından bəri ən genişmiqyaslı hava hücumlarından birinin həyata keçirildiyini açıqlayıb.
Məlumata görə, son 24 saat ərzində Ukrayna istiqamətində təxminən 1300 “Şahed” tipli pilotsuz uçuş aparatı və 50-yə yaxın raket buraxılıb. Hücumların əsas hədəfləri paytaxt Kiyev və Kiyev vilayəti ilə yanaşı, Kremençuk, Bila Tserkva, Xarkov, Sumı və Odessa şəhərləri olub.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, zərbələr nəticəsində yaşayış məntəqələri, enerji infrastrukturu və sənaye obyektlərinə ciddi ziyan dəyib. Xüsusilə Kremençuk şəhərində yerləşən neft emalı zavodunun hücuma məruz qaldığı qeyd olunur.
Çerniqov vilayəti administrasiyası isə enerji obyektinə endirilən zərbədən sonra Çerniqov rayonunda 31 mindən çox abonentin elektriksiz qaldığını açıqlayıb. Yerli enerji şirkətləri fövqəladə rejimdə bərpa işlərinin aparıldığını bildiriblər.
Paytaxt Kiyevdə dağıntılar nəticəsində yaralananların sayı 31 nəfərə çatıb. Şəhərin müxtəlif rayonlarında yaşayış binalarına və mülki infrastruktura ziyan dəydiyi, xilasedicilərin dağıntılar altında insanların olub-olmadığını müəyyənləşdirmək üçün əməliyyatları davam etdirdiyi vurğulanıb.
Ukrayna tərəfi bu hücumu müharibənin başlanğıcından bəri ən böyük koordinasiyalı hava əməliyyatlarından biri kimi qiymətləndirir. Ekspertlərin fikrincə, pilotsuz aparatların və raketlərin eyni vaxtda geniş coğrafiyada tətbiqi Ukraynanın hava hücumundan müdafiə sistemlərinə maksimal təzyiq göstərmək məqsədi daşıyır.
Poliqon.info