AZ

Türkiyədə konstitusiya inqilabı hazırlığı - SENSASİON GEDİŞAT

Toğrul İsmayıl: “Türkiyə “ikinci respublika” xarakterli yeni dövlət fəlsəfəsinin sərhədlərini müəyyən etməyə çalışır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədliyyə Günü münasibətilə keçirilən mərasimdə çıxış edərək yeni konstitusiyanın qəbulunun vacibliyini bir daha gündəmə gətirdi. Musavat.com bildirir ki, bu çıxış əslində təkcə hüquqi dəyişiklik çağırışı deyil, həm də Türkiyənin növbəti siyasi mərhələyə keçidinin siqnalı kimi qiymətləndirilə bilər.

2023-cü ildə keçirilən parlament və prezident seçkiləri öncəsi yeni konstitusiya məsələsi həm hakimiyyət, həm də müxalifət üçün əsas vədlərdən biri idi. Lakin seçkilər başa çatdıqdan sonra bu məsələ tədricən arxa plana keçdi. Hakimiyyət diqqətini iqtisadi problemlərə və xarici siyasətdə yeni balansların qurulmasına yönəltdi. Müxalifət isə artan siyasi qütbləşmə fonunda konstitusiya islahatını artıq riskli proses kimi qiymətləndirməyə başladı. Bu baxımdan Ərdoğanın mövzunu yenidən gündəmə gətirməsi təsadüfi deyil. Bu, göstərir ki, Ankara artıq qısamüddətli problemlərdən daha çox uzunmüddətli dövlət quruculuğu məsələlərinə fokuslanmağa hazırdır. Ərdoğan üçün yeni konstitusiya sadəcə hüquqi sənəd deyil. Bu, onun hakimiyyəti dövründə baş verən sistem dəyişikliyinin - parlament üsul-idarəsindən prezident idarəetmə modelinə keçidin – institusional şəkildə möhkəmləndirilməsi deməkdir. Eyni zamanda bu təşəbbüs Türkiyənin hərbi çevrilişlər dövründən qalma siyasi irsdən tam uzaqlaşması cəhdi kimi də qiymətləndirilə bilər. Türkiyədə hazırda qüvvədə olan 1982-ci il Konstitusiyası məhz 1980-ci il hərbi çevrilişindən sonra qəbul edilib və güclü dövlət, sərt idarəçilik modelinə əsaslanır. Bu sənədin artıq müasir reallıqlara cavab vermədiyi ilə bağlı fikirlər həm iqtidar, həm də müxalifət daxilində mövcuddur. Problemin mahiyyəti konstitusiyanın dəyişdirilməsində deyil, onun necə dəyişdirilməsindədir. Müxalifət prezident üsul-idarəsini uğursuz hesab edir və parlament sisteminə qayıdışı təklif edir. Hakimiyyət isə əksinə, mövcud prezident modelinin qorunmasını və daha da gücləndirilməsini istəyir. Bu fikir ayrılığı isə konstitusiya islahatını sadəcə hüquqi deyil, həm də ciddi siyasi mübarizə predmetinə çevirir. Türkiyənin siyasi tarixində ordu uzun illər əsas güc mərkəzlərindən biri olub. 1960, 1971, 1980-ci illərdəki çevrilişlər və 1997-ci ildəki “postmodern müdaxilə” ölkənin siyasi inkişaf trayektoriyasına ciddi təsir göstərib. Lakin son 20 ildə, xüsusilə 2016-cı il çevriliş cəhdindən sonra hərbi təsir əhəmiyyətli dərəcədə zəiflədilib və siyasi sistem mülki hakimiyyətin nəzarətinə keçib. Bugünkü reallıqda yeni konstitusiya təşəbbüsü Türkiyənin keçdiyi transformasiya yolunun məntiqi davamıdır. Bu, sadəcə islahat deyil, dövlət modelinin yenidən təsdiqlənməsi prosesidir. Gözlənilir ki, Rəcəb Tayyib Ərdoğan bu prosesi aktiv şəkildə irəli aparacaq. Lakin nəticənin uğurlu olub-olmaması hakimiyyətin müxalifətlə kompromis tapmaq bacarığından asılı olacaq. Əks halda, konstitusiya islahatı ölkədə siyasi parçalanmanı daha da dərinləşdirə bilər.

Kahramanmaraş

Qahramanmaraş Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr bölümünün professoru, politoloq Toğrul İsmayıl Musavat.com-a şərhində bildirdi ki, Türkiyədə yeni konstitusiya məsələsinin yenidən gündəmə gətirilməsi adi hüquqi müzakirə deyil: “Bu, əslində dövlətin gələcək siyasi fəlsəfəsi üzərində gedən böyük mübarizənin yeni mərhələsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın Ədliyyə günü münasibətilə etdiyi çıxışda yeni konstitusiya çağırışını yenidən ön plana çıxarması təsadüfi addım kimi qiymətləndirilə bilməz. Bu çıxış göstərir ki, Ankara artıq gündəlik siyasi polemikaların deyil, Türkiyə Cümhuriyyətinin növbəti onilliklərdə hansı idarəetmə modeli ilə yoluna davam edəcəyinin müzakirəsinə hazırlaşır. Əslində Türkiyədə “yeni konstitusiya” məsələsi son illərin deyil, son iyirmi ilin əsas siyasi layihələrindən biridir. Lakin bu dəfə məsələ əvvəlki dövrlərdən fərqli olaraq, daha strateji məna daşıyır. Çünki artıq söhbət təkcə bəzi maddələrin dəyişdirilməsindən yox, dövlətin siyasi kimliyinin yenidən formalaşdırılmasından gedir. 1982-ci il Konstitusiyası Türkiyənin üzərində hələ də hərbi çevrilişlərin kölgəsini daşıyan sənəddir. 1980-ci il hərbi müdaxiləsindən sonra qəbul edilən bu konstitusiya dövlət təhlükəsizliyi məntiqini fərdi azadlıqlardan üstün tutan, bürokratik və mərkəzçi idarəetmə modelini əsas alan bir sistem yaratmışdı. Bu model uzun illər Türkiyədə seçilmiş hakimiyyətlə “dövlət elitası” arasında ikili hakimiyyət strukturu formalaşdırdı. Başqa sözlə, Türkiyədə xalqın seçdiyi siyasi hakimiyyət hər zaman görünməyən vesayət mexanizmləri ilə balanslaşdırılırdı. Məhz buna görə son iyirmi ildə Türkiyə siyasətində yaşanan əsas dəyişiklikləri yalnız hakimiyyət dəyişikliyi kimi qiymətləndirmək doğru olmaz. Burada daha dərin proses baş verdi - dövlət daxilində güc mərkəzlərinin yenidən bölüşdürülməsi prosesi”.

Politoloq  qeyd etdi ki, xüsusilə 2016-cı il çevriliş cəhdindən sonra Türkiyədə hərbi və bürokratik sistemin  böyük ölçüdə zəiflədilməsi AKP-nin əsas hədəfinə çevrildi: “Bu baxımdan yeni konstitusiya təşəbbüsü sadəcə hüquqi islahat deyil. Bu, AK Parti iqtidarının son iyirmi ildə həyata keçirdiyi siyasi transformasiyanın hüquqi legitimləşdirilməsi cəhdidir. Ərdoğan üçün məsələ yalnız yeni mətn hazırlamaq deyil. Əsas məqsəd prezident idarəetmə modelini artıq keçid sistemi olmaqdan çıxarıb, qalıcı dövlət modeli halına gətirməkdir. Burada diqqət çəkən əsas məqam isə odur ki, Türkiyədə konstitusiya müzakirəsi əslində idarəetmə modeli uğrunda siyasi savaş xarakteri daşıyır. Müxalifət prezident üsul-idarəsini Türkiyənin əsas problemlərindən biri kimi təqdim edir və gücləndirilmiş parlament sisteminə qayıdışı müdafiə edir. Hakimiyyət isə əksinə, Türkiyənin regional və qlobal böhranlar dövründə məhz güclü prezident modeli sayəsində idarəolunan dövlət olaraq qaldığını vurğulayır. Bu mübahisənin arxasında yalnız hüquqi deyil, həm də geosiyasi baxış fərqi dayanır. Çünki bugünkü Türkiyə artıq 1990-cı illərin Türkiyəsi deyil. Ankara indi yalnız daxili sabitlik axtaran dövlət deyil, eyni zamanda regional güc olmaq iddiasını daşıyan aktordur. Belə bir mərhələdə hakimiyyət düşünür ki, koalisiya böhranlarına açıq parlament sistemi Türkiyənin strateji ambisiyalarını zəiflədə bilər”. Professorun sözlərinə görə, digər tərəfdən müxalifətin narahatlıqları da tamamilə əsassız deyil: “Prezident sisteminin həddindən artıq mərkəzləşmiş idarəetmə yaratdığı, institusional balans mexanizmlərini zəiflətdiyi və siyasi qütbləşməni artırdığı ilə bağlı ciddi tənqidlər mövcuddur. Xüsusilə iqtisadi böhran fonunda cəmiyyətin bir hissəsində “güclü lider modeli” ilə bağlı əvvəlki konsensusun zəiflədiyi də görünür. Lakin burada mühüm məsələ ondan ibarətdir ki, Türkiyə artıq sadəcə sistem dəyişikliyi müzakirə etmir. Türkiyə “ikinci respublika” xarakterli yeni dövlət fəlsəfəsinin sərhədlərini müəyyən etməyə çalışır. Bu səbəbdən yeni konstitusiya prosesi adi hüquqi prosedurdan çox, siyasi və ideoloji yenidənqurma mərhələsi kimi görünür. Ərdoğanın bu prosesi yenidən aktivləşdirməsi həm də qarşıdakı siyasi dövrə hazırlıq kimi qiymətləndirilə bilər. Çünki yeni konstitusiya yalnız bugünkü hakimiyyət üçün deyil, Ərdoğandan sonrakı Türkiyənin idarəetmə strukturunu müəyyən edəcək strateji sənəd olacaq. Burada əsas problem isə kompromis məsələsidir. Türkiyə cəmiyyətində yüksək siyasi qütbləşmə davam etdiyi müddətdə geniş ictimai legitimliyə malik konstitusiya hazırlamaq son dərəcə çətin görünür. Əgər proses yalnız hakimiyyət blokunun layihəsi kimi təqdim olunarsa, bu zaman yeni konstitusiya birləşdirici deyil, əksinə parçalanmanı dərinləşdirən faktor ola bilər”. T.İsmayıl bildirdi ki, bununla belə, bir reallıq artıq dəyişməz görünür: “Türkiyə köhnə vesayət sisteminə geri dönməyəcək. Yeni konstitusiya qəbul olunsa da, olunmasa da, ölkədə son iyirmi ildə formalaşan siyasi transformasiya artıq geri dönüşü çətin olan yeni dövlət modelini ortaya çıxarıb. Bu səbəbdən Türkiyədə qarşıdakı dövrdə baş verəcək konstitusiya müzakirələri sadəcə hüquq debatları olmayacaq. Bu debatlar Türkiyənin necə dövlət olacağı, hansı siyasi kimliklə regional güc kimi davranacağı və XXI əsrdə öz siyasi sistemini hansı əsaslar üzərində quracağı suallarına cavab axtarışı olacaq”.

Elşad Paşasoy,

Musavat.com

 

Seçilən
25
musavat.com

1Mənbələr