İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Press TV kanalına verdiyi müsahibədə Hörmüz boğazındakı kritik vəziyyət və ABŞ-ın regiondakı hərbi fəaliyyəti ilə bağlı mühüm bəyanatlar səsləndirib.
Musavat.com xəbər verir ki, nazir Hörmüz boğazının hazırda ABŞ-ın təcavüzündən və Vaşinqtonun tətbiq etdiyi blokadadan ciddi şəkildə əziyyət çəkdiyini bildirib. Əraqçinin sözlərinə görə, İran tərəfi boğazın bütün ticarət gəmiləri üçün açıq olduğunu hesab edir, lakin bunun üçün mühüm bir şərt var: bölgədən keçən gəmilər İran Hərbi Dəniz Qüvvələri ilə sıx əməkdaşlıq etməlidir.
Nazir vurğulayıb ki, İran gəmilərin hərəkəti üçün heç bir süni maneə yaratmayıb və mövcud gərginliyin əsas səbəbi Amerikanın bölgəyə yeritdiyi qanunsuz blokada siyasətidir. O, beynəlxalq birliyi ABŞ-ın bu qanunsuz addımlarına qarşı çıxmağa çağıraraq, vəziyyətin yalnız bu blokadanın aradan qaldırılması ilə normallaşa biləcəyini qeyd edib.
Tehranın bu mövqeyi qlobal enerji bazarlarında təşvişə səbəb olub, çünki Hörmüz boğazı dünya neft daşımalarının əsas arteriyası hesab olunur.
Hazırda bölgədəki hərbi gərginlik və ABŞ-ın bu bəyanatlara verəcəyi reaksiya dünya gündəminin mərkəzindədir.
Musavat.com