Bakı, 14 may, AZƏRTAC
Bugünkü görüş təkcə institusional bir mərhələ deyil, həm də Azərbaycanda keçirilən COP29 zamanı yaranan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun, Qlobal Cənubun yaradılmasının davamıdır. Eyni zamanda, Azərbaycanın Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi, dialoq və praktiki fəaliyyət üçün inklüziv beynəlxalq platformalar yaratmaq baxımından davamlı öhdəliyidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu platforma dialoq üçün bir məkan olmaqdan daha çoxdur. Bu, fəaliyyət qüvvəsidir. "Bu gün Bakıda Baş Assambleyanın keçirilməsi bu vizyonun reallığa çevrildiyinin açıq göstəricisidir. COP29-un uğuruna töhfə verən bütün QHT-lərə, könüllülərə, ekspertlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə səmimi təşəkkürümü bildirmək istərdim. Sizin rolunuz həqiqətən mühüm idi. İdeyaların və təkliflərin konsolidasiyasından Yaşıl Zonada və müxtəlif pavilyonlarda aparılan maarifləndirmə fəaliyyətlərinə qədər vətəndaş cəmiyyəti COP29 prosesi zamanı etimad, dialoq və inklüzivliyin qurulmasında mühüm töhfə verib.