AZ

"Valideynlər uşaqlara təzyiq göstərməməlidir"

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə buraxılış imtahanları ilə bağlı keçirilən sosial media sorğusunun nəticələrini şərh edib.

Redaktor.az xəbər verir ki, o, APA İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, sorğunun ilkin nəticələri maraqlı məqamlar ortaya çıxarıb, lakin yekun qiymətləndirmə üçün bütün məlumatlar tam emal olunmalıdır.

Məleykə Abbaszadənin sözlərinə görə, sorğuya ümumilikdə 16 356 unikal giriş qeydə alınıb və 19 963 cavab toplanıb. Bu isə bəzi iştirakçıların sorğunu bir neçə dəfə doldurduğunu göstərir.

DİM sədri qeyd edib ki, araşdırmalar zamanı cavabların təxminən 4 minlik hissəsinin məhdud sayda istifadəçi tərəfindən təkrar göndərildiyi müəyyən edilib.

Onun sözlərinə görə, respondentlərin 69 faizi 200–300 bal aralığında nəticə gözlədiyini bildirib, 80 faizi isə imtahana ciddi hazırlaşdığını qeyd edib.

Məleykə Abbaszadə əlavə edib ki, bəzi cavablarda əvvəlki imtahan nəticələri ilə bağlı uyğunsuzluqlar müşahidə olunub.

“Əgər insan öz əvvəlki nəticəsini düzgün göstərmirsə, deməli onun gözləntiləri də real qiymətləndirməyə əsaslanmır”, - deyə o vurğulayıb.

DİM sədri bildirib ki, sorğu nəticələrinə görə iştirakçıların 67 faizi imtahanı çətin hesab edib, lakin bu qiymətləndirmə ilə real hazırlıq səviyyəsi arasında uyğunsuzluqlar mövcuddur.

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, respondentlərin böyük əksəriyyəti məlumatları sosial şəbəkələrdən əldə edir və rəsmi mənbələrə müraciət azdır.

Onun sözlərinə görə, valideynlərin gözləntiləri şagirdlər üçün əsas stres mənbələrindən biridir.

“Valideynlər uşaqları ciddi təzyiq altında saxlayırlar. Uşaqlar isə dəstək görməlidirlər”, - deyə o bildirib.

DİM sədri vurğulayıb ki, imtahanlar şagirdin şəxsiyyətini deyil, bilik və bacarıqlarını ölçür və nəticələrə uyğun peşə seçimi daha düzgün yanaşmadır.

Seçilən
18
1
redaktor.az

2Mənbələr