AZ

Ermənistanın taleyi üçün son seçki: Ancaq bir vəd verilir - MÜSAHİBƏ

BAKI, 14 may. TELEQRAF

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ermənistanda iyunda keçirilməsi gözlənilən parlament seçkiləri ilə bağlı fərqli gözləntilər var. Baş nazir Nikol Paşinyana qərb institutlarının dəstəyi fonunda ona opponentlik edənlər Rusiya tərəfindən açıq şəkildə dəstəklənir. Bu baxımdan yaydakı seçkilərin nəticələri ilə bağlı ikili fikirlər ortaya atılır. Proqnozlar və gözləntilər nədən ibarətdir?

- Prezident İlham Əliyev də bu proseslərlə bağlı aydın fikirlər səsləndirdi. Əslində bu gün Ermənistanda təbliğ edilən sülhpərvər mövqe heç də Paşinyanla bağlı deyil. Bu Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi tarixi zəfərin nəticəsidir. Ona görə də bəzilərinin bu gün Paşinyanı az qala “sülh mələyi” kimi təqdim etməyə çalışması kökündən yanlışdır. Seçkiöncəsi Ermənistan daxilində Paşinyan və ona müxalifət olanların mövqeyi ilə bağlı da analizlər səsləndirilir. Bir çox hallarda Ermənistanın Baş nazirinin mövqeyinin daha yaxşı olduğunu iddia edirlər, amma bu heç də elə deyil.

- Paşinyanın təbliğ etdiyi mövqedə ziddiyyətli məqamlar nədən ibarətdir?

- Bu tamam fərqli anlayışlardır. Çünki Paşinyanın təbliğ etdiyi hər bir məsələnin Azərbaycanın maraqlarına uyğun olduğunu söyləmək olmaz. Açığı mən də yekun bir qənaətə gəlməmişəm ki, bizə Paşinyan yoxsa, hansısa revanşist lazımdır? Çünki Ermənistanda revanşistlər də hakimiyyətə gəlsələr yekunda məğlub olacaqlar. Azərbaycan tərəfi tarixi ədaləti bərpa edəcək.

- Bunu hansı kontekstdə nəzərdə tutursunuz?

- Zəngəzur və Göyçə ərazilərinin əsl sahiblərinə qaytarılması anlayışlarını nəzərdə tuturam. Bu baxımdan Ermənistanda hazırda təbliğ olunan məsələlərə yanaşmalar bir qədər fərqlidir. Burada əsas amil Azərbaycanın maraqları ilə bağlıdır. Çünki biz də istəyərik ki, tarixi ədalətin bərpası müharibə olmadan baş versin. Amma buna ümid azdır. İndi Ermənistanda azərbaycanlılarla bağlı elə təbliğat aparırlar ki, bu çox təhlükəli tendensiyalardan xəbər verir. İddia edirlər ki, azərbaycanlılar öz tarixi ata-baba torpaqlarına (indiki Ermənistan ərazisi-red.) qayıdırlar və s. Bunun əksinə olaraq, özləri isə gecə-gündüz təbliğat aparırlar ki, “Qarabağa qayıdacaqlar. Əgər qayıtmasalar kompensasiya verilməlidir" və s. Bu baxımdan ermənilərin indiki halda apardıqları təbliğatı təhlil edərkən onların ədalətli sülhə nail olmaq niyyətini görmək mümkün deyil.

- Seçkiyə kənar təsirlərin olması fonunda hansı mənzərə yarana bilər?

- Bu gün Paşinyanın Rusiyanı tam şəkildə qane etmir fikri ilə razılaşmaq olmaz. Çünki o bəyanatlardan başqa Rusiyaya qarşı heç bir addım atmayıb. Rusiyanın Ermənistandakı hərbi bazalarından danışılsa da, onlar hələ də qalmaqdadır. İrəvanla Moskva arasında hərbi əməkdaşlıq dəyişməz olaraq qalıb, 5-10 nəfər rus əsgərini Ermənistandakı "Zvartnos" hava limanından çıxartmaqla iş bitmir. Hələ də bu ölkənin sərhədlərini rus əsgəri qoruyur. Yəni, Rusiya əleyhinə Ermənistanda real dəyişikliklər yoxdur.

- Kremlin İrəvana təsir imkanları qalırmı?

- Rusiya indi zəif durumdadır. Onun "gəlib Ermənistana kömək edib Qarabağı geri qaytaracaq" kimi iddiaları belə səsləndikdə adamı gülmək tutur. Heç 2020-ci ildə bunu bacarmadılar. Azərbaycan-Türkiyə birliyi nəticəsində bu niyyətləri pozuldu. Heç kim unutmamalıdır ki, həmin vaxt Türkiyənin hərbi təyyarələri Azərbaycan ərazisində idi və istənilən xarici müdaxilənin qarşısı dərhal alınacaqdı. Bu baxımdan Fransa indi gəlib ermənilərə kömək edəcək kimi nağıllar boş və mənasızdır.

- Fransadan söz düşmüşkən Prezident Emmanuel Makron İrəvanda olarkən fərqli bəyanatlar səsləndirdi. Bununla o nə demək istəyirdi?

- Əslində Fransa indi istədiyini edir. Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələr buna misaldır. Amma bunun real təsiri yoxdur. Eyni zamanda Rusiyanın təsir imkanlarından danışılırsa, onlar Qarabağı geri qaytara bilərlərmi? Bu da mümkün deyil. Ona görə də təbliğatla cəmiyyətə nəyi isə çatdırmaq istəyirlər, bunlara fikir vermək lazımdır.

Seçilən
5
2
teleqraf.com

3Mənbələr