Monteneqronunun Azərbaycanla enerji sahəsində əməkdaşlığının inkişafı üçün böyük potensialı var. Ölkə Xəzər regionundan Albaniyaya qədər uzanan qaz kəməri üzərində işləməyi planlaşdırır və Azərbaycanın Balkanlarda və ümumilikdə, Avropada enerji sabitliyinin təmin olunmasındakı rolunun çox böyük olduğuna əmindir.
Monteneqronun energetika və mədən sənayesi naziri Admir Şahmanoviç "Far.Az"un Balkan bürosuna verdiyi müsahibəsində Azərbaycanla enerji əməkdaşlığının perspektivləri, regional enerji təhlükəsizliyi, "yaşıl enerji keçidi" və Avropa enerji bazarına inteqrasiya prosesindən danışıb.
O, eyni zamanda, ölkəsinin Azərbaycanla bərpa olunan enerji layihələri və investisiya imkanları, eləcə də qarşıdakı dövrdə planlaşdırılan iri infrastruktur layihələri barədə də ətraflı məlumat verib.
"Far.Az" həmin müsahibəni oxucularına təqdim edir:
- Monteneqro Azərbaycanla enerji əməkdaşlığı üçün hansı sahəni ən perspektivli istiqamət hesab edir?
- Biz hazırda Xəzər regionundan Albaniyaya qədər uzanan qaz kəməri üzərində işləməyi planlaşdırırıq. Belə ki, bu qaz kəmərinin Bosniya və Hersoqovina, həmçinin Xorvatiyaya doğru davam etdirməkdə maraqlıyıq. Həmçinin hökumətimizin magistral yol boyunca yeni layihə həyata keçirmək planı var. Biz sadəcə nəqliyyat dəhlizi boyunca boru yerləşdirərək onu bu potensial layihə ilə birlikdə irəli aparmaq istəyirik. Bu layihə vasitəsilə Avropa İttifaqının enerji dəhlizini gücləndirməyi, eyni zamanda Azərbaycana Avropa İttifaqına daha çox enerji ixrac etmək üçün əlavə imkanlar yaratmağı hədəfləyirik.
- Azərbaycan qazının Balkan regionuna nəqlinin genişlənməsi Monteneqro üçün nə dərəcədə vacibdir?
- Düşünürəm ki, Azərbaycanın Balkanlarda və ümumilikdə, Avropada enerji sabitliyinin təmin olunmasındakı rolu çox böyükdür. Qaz həm Balkanlar, həm də Avropa İttifaqı üçün baza enerji təminatı baxımından çox mühümdür. Ümumilikdə, hesab edirəm ki, əməkdaşlığın inkişafı üçün böyük potensial var, sadəcə biz mümkün qədər tez tikinti və infrastruktur quruculuğu işlərini həyata keçirməliyik. Çünki enerji tələbatı hər il artır. Hazırda məlumat mərkəzləri və süni intellekt texnologiyalarını inkişaf etdiririk. Bu tələbat getdikcə daha da artacaq və biz bu cür sürətli inkişaf üçün hazır olmalıyıq.
- Necə düşünürsünüz, Azərbaycan şirkətlərinin Monteneqronun "yaşıl enerji" sektorunda iştirakı mümkündürmü?
- Azərbaycanın investisiyaları bizim üçün çox arzuolunandır. Monteneqroda Azərbaycanın "Portonovi" adlı böyük bir investisiyası var və biz ölkəmizdə azərbaycanlı investorların daha geniş şəkildə təmsil olunmasını istəyərik. Digər sahələrdə investisiyalara gəldikdə isə, ölkəmizdə bütün qanunlar, demək olar ki, 100 % Avropa İttifaqının qanunvericiliyi ilə uyğunlaşdırılıb. Buna görə də Aİ-də qüvvədə olan hər şey Monteneqroda da eyni şəkildə keçərlidir və qanunlar çərçivəsində investisiya qoyuluşuna açığıq.
- Bəs Monteneqro regional enerji təhlükəsizliyi üçün hansı birgə layihələri prioritet hesab edir?
- Biz enerji sektorumuzda böyük investisiya dövrünə başlamışıq və bu, əsasən bərpa olunan enerji sahəsini əhatə edir. Günəş və külək parkları inkişaf etdiririk, eyni zamanda hidroelektrik stansiyalar üzərində də paralel iş aparırıq.
Bundan əlavə, biz mayeləşdirilmiş təbii qaz (LNG) terminalının və 500 meqavat gücündə qaz stansiyasının tikintisi ilə bağlı çox iddialı bir layihə də həyata keçiririk. Bunlar növbəti dövr üçün əsas prioritetlərimizdir. Eyni zamanda, bu layihələrin hamısını enerji saxlama sistemləri (batareyalar) və ötürücü şəbəkələrə investisiyalar vasitəsilə bir-biri ilə əlaqələndirərək inkişaf etdiririk.
- Qərbi Balkan ölkələrinin enerji keçidi prosesində Monteneqro üçün əsas çağırış nədir?
- Əsas çağırış enerji mənbələri üçün alternativlər tapmaq və eyni zamanda mərhələli şəkildə ləğv ediləcək sektorların yerinə yeni iş yerləri yaratmaqdır. Şəhərlərimizdən birində istilik elektrik stansiyası və kömür mədəni yerləşir və bu obyektlər bağlananda insanlar işlərini itirəcək və həmin şəhərin iqtisadiyyatı faktiki olaraq çökəcək. Buna görə də biz təkcə enerji keçidinə diqqət yetirməməliyik, həm də yeni "yaşıl iş yerləri" yaratmalı və bu sektorda çalışan insanlar üçün alternativlər təmin etməliyik.
- Monteneqro hazırda Avropa enerji bazarına inteqrasiya prosesinin hansı mərhələsindədir?
- Biz bütün zəruri qanunları qəbul etmişik və hazırda yoxlama-təsdiq mərhələsindəyik. Yəni bazarların birləşdirilməsi prosesinə başlamışıq. Ümid edirik ki, növbəti bir il yarım ərzində Monteneqro Avropa enerji bazarının bir hissəsi olacaq.
- Son olaraq, gələn ay Azərbaycanda keçiriləcək Bakı Enerji Həftəsində iştirak etməyi planlaşdırırsınızmı? Azərbaycanla əməkdaşlıq çərçivəsində orada hər hansı yeni layihə və ya razılaşmanın imzalanması gözlənilirmi?
- Əslində, iki ölkə arasında yekunlaşdırılmış bir anlaşma memorandumu var və mən onu azərbaycanlı həmkarımla imzalamaqdan məmnun olardım. Enerji həftəsində iştirakım barədə əmin deyiləm, amma mütləq Bakıya getməyi planlaşdırıram.