Yaponiyanın avtomobil istehsalçısı Honda 1957-ci ildə birjaya çıxdıqdan bəri ilk dəfə maliyyə ilini zərərlə başa vurub. Buna səbəb elektromobil biznesinin restrukturizasiyası və bununla bağlı 9 milyard dollardan çox məbləğdə silinmələr olub.
Yaponiyanın ikinci ən böyük avtomobil istehsalçısının maliyyə hesabatına əsasən, əməliyyat zərəri 414 milyard yen (2,63 milyard dollar) təşkil edib. Bu göstərici LSEG tərəfindən sorğulanan analitiklərin proqnozlarından xeyli yaxşı olub. Əvvəlki maliyyə ilində Honda Motor-un əməliyyat mənfəəti 7,6 milyard dollar təşkil etmişdi. Şirkətin xalis zərəri 2,2 milyard dollar olub, halbuki bir il əvvəl xalis mənfəət 5,7 milyard dollar idi.
Honda rəhbərliyi bildirib ki, şirkət 2030-cu ilədək elektromobil satışlarını ümumi satışların 20%-nə çatdırmaq və 2040-cı ilədək yalnız elektrik və hibrid modellərin istehsalına keçmək barədə əvvəlki hədəflərindən imtina edir. Bundan əlavə, şirkət Kanadada zavod tikintisi layihəsinin həyata keçirilməsini qeyri-müəyyən müddətə dayandırır. Layihə elektromobil və batareya istehsalına 11 milyard dollar investisiyanı nəzərdə tuturdu.
Bununla yanaşı, Honda rəhbərliyi bildirib ki, xərclərin azaldılması və gəlirli motosiklet istehsalı biznesinin genişləndirilməsi hesabına şirkət artıq cari ildə yenidən mənfəət əldə etməyi gözləyir. Maliyyə hesabatının dərcindən sonra şirkətin səhmləri təxminən 4% bahalaşıb. İlin əvvəlindən isə onların dəyəri 15%-dən bir qədər çox azalıb.