AZ

15 yaşlı şagirddən gələcəyin startapı: İnsanlar bunu ilk dəfə izləyəcək - MÜSAHİBƏ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Məktəbli startapçılar” layihəsi davam edir.

AzEdu.az xəbər verir ki, layihənin əsas məqsədi paytaxt məktəblərində təhsil alan istedadlı və təşəbbüskar şagirdlərin innovativ ideyalarını ictimaiyyətə təqdim etmək, onların startap fəaliyyətlərini işıqlandırmaq və gənclər arasında sahibkarlıq düşüncəsini təşviq etməkdir.

Layihə çərçivəsində şagirdlər öz ideyalarını, hazırladıqları startap layihələrini və gələcək planlarını geniş auditoriya ilə bölüşmək imkanı əldə edirlər.

Növbəti qonaq “Farmerİsland” startapının müəllifi, Humanitar fənlər təmayüllü liseyin 9-cu sinif şagirdi Fərhad Abbaslıdır. O, ekoloji təmiz məhsulların daha əlçatan və rahat şəkildə alqı-satqısını təmin etmək məqsədi daşıyan rəqəmsal platforma üzərində işləyir.

Onun sözlərinə görə, “Farmerİsland” gələcəkdə daha geniş funksiyalarla inkişaf etdirilərək həm alıcılar, həm də istehsalçılar üçün faydalı bir ekosistemə çevrilə bilər.

F. Abbaslı hazırda Humanitar fənlər təmayüllü liseyin 9-cu sinfində təhsil alır. O, bu il keçirilən buraxılış imtahanında 270 bal toplayıb. I ixtisas qrupuna hazırlaşır və gələcəkdə proqramlaşdırma üzrə təhsil almağı hədəfləyir.

- Fərhad, layihənin əsas məqsədi nədir və bu platforma sayəsində fermerlərlə istehlakçılar hansı üstünlükləri qazanacaqlar?

- Layihə ekoloji təmiz məhsul almaq istəyən istifadəçilərlə öz məhsulunu daha rahat satmaq istəyən fermerləri birləşdirən rəqəmsal platformadır. Ümid edirik ki, bu layihə sayəsində fermerlər öz məhsullarını daha rahat və etibarlı şəkildə sata biləcəklər, istifadəçi və istehsalçı arasında isə heç bir şübhə qalmayacaq.

Platforma fermerlərin razılığı ilə fermalarda quraşdırılan kameralar vasitəsilə istifadəçilərə məhsulun hazırlanma prosesini izləmək imkanı verir. Beləliklə, istehlakçı istədiyi vaxt məhsulun necə istehsal olunduğu barədə məlumat əldə edə bilir. Bu da tərəflər arasında daha şəffaf münasibətin formalaşmasına şərait yaradır. Eyni zamanda istehsal prosesində ekologiyaya zərər verilməməsinə xüsusi diqqət yetirilir. Düşünürük ki, ekoloji məhsul dedikdə, onun istifadə edildikdən sonra da təbiətə zərər verməməsi əsas məqsədlərdən biri olmalıdır.

Ümid edirik ki, bu yanaşma daha çox insanın ekoloji təmiz məhsullarla təmin olunmasına imkan yaradacaq və biz də bu prosesin bir hissəsi ola biləcəyik.

- Bu ideyanı necə formalaşdırdın və bu yolda yanında kimlər vardı?

- 2024-cü ildə “Sahibkar məktəbli” müsabiqəsində bu ideya ilə çıxış etmişdim. İdeyanı atamla birlikdə formalaşdırdıq. Həmin ideya sayəsində respublika birincisi oldum. Atamla birlikdə buna çox sevinmişdik.

Layihənin icrasına haradan başlanılıb və bu mərhələnin əsas məqsədi nədir?

183176

- Layihə ilkin mərhələdə veb-platforma kimi istifadəyə veriləcək, daha sonra isə mobil tətbiq formasında inkişaf etdiriləcək. Hazırda platformanın yaradılması üçün kodlaşdırma mərhələsi davam edir. 

Layihənin icrasına ilk olaraq digital platformanın yaradılması ilə başlamalıyıq ki, fermerlərə və istifadəçilərə təqdim edəcək məhsulumuz olsun. İstifadəçi dedikdə, fermerlər də bu istifadəçilərə aiddir. Bu olmadıqda ideyamız yalnız sözdən ibarət olar və heç də cəlbedici görünməz. Ona görə də artıq platformanın yaradılmasına başlanılıb.

- Fermerlərin platformaya qoşulmasını təmin etmək üçün hansı işlər görüləcək?

- Fermerlər bu platformaya üzv olduqda insanlar onlara daha rahat güvənə biləcəklər. Çünki az öncə də qeyd etdiyim kimi, istifadəçilər məhsulların hazırlanma prosesinə 7/24 nəzarət edə biləcəklər.

Təbii ki, bu, fermerlər üçün də müsbət haldır. Onlar öz məhsullarını daha rahat şəkildə sata biləcəklər.

Onu da qeyd edim ki, bir fermer davamlı olaraq platformanın istifadəçisi olarsa, həmin fermerlərin profilləri platformada və ya tətbiqdə daha çox önə çıxır və bu da onların məhsullarını daha rahat satmasına imkan yaradır. Bütün bunlar bir məqsədə xidmət edir: fermerlərin öz məhsullarını daha geniş auditoriyaya çatdırmaq.

Bunun həyata keçirilməsi üçün fermerlərlə görüşlər keçirilməli və maarifləndirmə işləri aparılmalıdır.

- Startapa başlamazdan əvvəl başqa ölkələri araşdırdıqda buna bənzər ideyalara rast gəlmisən?

- Əlbəttə, layihəyə başlamadan öncə geniş araşdırma aparmışdım. Gördüm ki, hazırda bazarda belə bir layihə yoxdur. Lakin İndoneziyada bir qrup gənc bu tip startap ideyasını irəli sürmüşdü.

Amma bu, tam olaraq mənim layihəm kimi deyildi. Onların məqsədi insanları həmin fermalara göndərmək idi. Mən isə düşündüm ki, bu iki layihə arasında böyük fərq var. Onlardan biri marketinq, digəri isə turizm istiqamətində qurulub.

- Platformanın kodlaşdırılmasını özün edirsən, sənə bu prosesdə kim dəstək olur?

- Platformanın yaradılması ilə bağlı bütün kodları özüm yazıram. Kod yazma prosesində mənə proqramlaşdırma müəllimim də dəstək olur. O, platformanın daha peşəkar görünməsi üçün mənə məsləhətlər verir.

“Developia” proqramlaşdırma məktəbini bitirmişəm və proqramlaşdırma biliklərimin əsas təməli məhz orada qoyulub. 

- Qeyd etdiyin kimi, layihənin ilkin mərhələsində platforma yaradılacaq, daha sonra isə razılaşma əsasında fermalara kameralar quraşdırılması planlaşdırılır. Bəs maliyyə tərəfi necə təmin olunacaq və ilkin büdcə haradan qarşılanacaq?

Layihənin demo versiyası hazırlandıqdan sonra investorlarla görüşlər keçirməyi planlaşdırırıq. Əgər layihə uğurlu olarsa, həmin fermalarda kameraların quraşdırılması nəzərdə tutulur. Təbii ki, layihə hələ 15 yaşlı bir gənc tərəfindən həyata keçirildiyi üçün böyük istifadəçi sayının olacağını düşünmürük. 3-5 fermerin iştirakı belə bizim üçün uğur hesab olunur. İnsanların etimadı qazandıqca, bu sayın artacağına inanırıq.

İllik büdcəni istifadəçilərdən və reklamlardan əldə etməyi planlaşdırırıq. Lakin ilkin maliyyə dəstəyi investorlar tərəfindən gözlənilir.

Rəqəmsal platforma olduğu üçün burada reklam yerləşdirmək daha asan olacaq. Fermerlər hər satışdan sonra bizə müəyyən faiz ödəyəcəklər. Daşınma xidmətini də öz üzərimizə götürürük (bu prosesin ekoloji təmiz olması şərti ilə). Bu səbəbdən gəlir modelimizin davamlı olacağını düşünürük.

- Maraqlıdır, səndə proqramlaşdırmaya maraq necə yarandı?

183175

- Mən proqramlaşdırmaya başlayanda səhvən bir tədbirə getmişdim. Düşünürdüm ki, orada yaşıdlarım olacaq. Lakin belə deyildi, 23-24 yaş aralığında gənclər idi. O zaman düşündüm ki, proqramlaşdırmaya indidən başlasam, bu, gələcək üçün üstünlük olacaq. Bu layihə də proqramlaşdırma biliklərimin nəticəsi olaraq ortaya çıxdı. Özümə sual verdim: platforma yarada bilirəmsə, niyə bunu bir layihəyə çevirməyim?

- Hansı müsabiqə və olimpiadalarda iştirak etmisən?

- Proqramlaşdırma üzrə “Məktəblilərarası Milli Hakaton”da final mərhələsinə qədər yüksəlmişəm. Yer qazanmasam da, finala çıxmaq məni çox sevindirdi. ADA Universitetində keçirilən ingilis dili olimpiadasında 3-cü mərhələyə qədər irəliləmişəm və yüksək nəticə göstərdiyim üçün mükafatlandırma mərasimində iştirak edəcəyəm. Bundan əlavə, riyaziyyat olimpiadalarında da iştirak etmişəm.

Həmçinin, Elm və Təhsil Nazirliyinin və Kapital Bank-ın dəstəyi, “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Nə? Harada? Nə zaman?” yarışında komanda kapitanı olmuşam və həmin yarışda 2-ci yeri tutmuşuq.

- Proqramlaşdırmadan başqa hansı hobbilərin var və boş vaxtlarını daha çox hansı məşğuliyyətlərə sərf edirsən?

- Kitab oxumağı çox sevirəm və indiyə qədər 200-dən çox kitab oxumuşam. Uşaqlıqdan kitablara marağım olub. Əvvəllər daha çox macəra janrında əsərlər oxuyurdum, daha sonra detektiv janra keçid etdim, ardınca elmi və fantastik ədəbiyyata maraq göstərdim, hazırda isə romanlar oxuyuram. Hazırda Karl Marksın “Kapital” əsərini oxumağa başlamışam.

Bundan əlavə, filmlərə baxmağı da sevirəm. Hətta bu yaxınlarda “Interstellar” filmini izləyib bitirmişəm.

Seçilən
16
azedu.az

1Mənbələr