Bakı, 14 may, AZƏRTAC
Bakı Kitab Mərkəzində “Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatında döyüş yolu” adlı kitabın Azərbaycan dilində nəşrinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa müqavimət hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr edildiyini bildirib.
O diqqətə çatdırıb ki, belə nəşrlər gələcək nəsillərin tarixi daha dərindən öyrənməsi baxımından xüsusi əhəmiyyət daşıyır və mərkəz üçün də dəyərli vəsaitdir.
Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nigar Hüseynova bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycanlılar Avropanın müxtəlif ölkələrində — Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşublar. “Qərbi Avropa ölkələrinin işğaldan azad olunması uğrunda döyüşən Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Məmməd Məmmədov kimi vətənlərimizin şücaətləri bu gün də fədakarlıq rəmzi, hünər və cəsarət nümunəsi kimi yaşayır. Bu, həmçinin Azərbaycan xalqının sülhə, azadlığa və ümumbəşəri dəyərlərə bağlılığının yüksək göstəricisidir. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onların qəhrəmanlığı təkcə Azərbaycanın deyil, həm də Fransanın tarixində dərin iz qoyub və xalqımız bu igidlər ilə haqlı olaraq fəxr edir. Məhz buna görə də azərbaycanlı döyüşçülərin xatirəsinin daim yaşadılması, onların mübarizə yolunun araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır”,- deyə o əlavə edib.
Onun sözlərinə görə, səfirliyin və Fransadakı Hərbi attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu fəaliyyət xüsusilə Fransa ictimaiyyətinin İkinci Dünya müharibəsi zamanı ölkənin alman faşizmindən azad olunması uğrunda döyüşmüş azərbaycanlılar barədə məlumatlandırılmasını əhatə edir: “Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər — film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Məsələn, iki il əvvəl Parisdəki Mədəniyyət Mərkəzində rejissor Tahir Tahiroviçin müəllifi olduğu, Mədəniyyət Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal edilən “O, Xarqo idi” adlı sənədli filmin Fransadakı ilk təqdimatı keçirilib. Tədbirdə tarixi yaddaşın qorunması, təbliği və gələcək layihələrin hazırlanması ilə bağlı mühüm təkliflər irəli sürülüb”.
Kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatan qeyd edib ki, nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Müəllif vurğulayıb ki, oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaq. Onun sözlərinə görə, əsər yalnız bir insanın qəhrəmanlıq tarixçəsi deyil, eyni zamanda Azərbaycan və Fransa arasındakı dostluq əlaqələrinin də əksidir. Aleksandr Vatan bildirib ki, Əhmədiyyə Cəbrayılovun nümunəsi digər qəhrəman döyüşçülərə də hörmət hissi aşılayacaq.
Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun Əhmədiyyə Cəbrayılovun göstərdiyi cəsarətin, keçdiyi ağır həyat yolunun və partizan hərəkatına verdiyi töhfələrin onu unudulmaz şəxsiyyətə çevirdiyini deyib: “Bu kitab sayəsində daha çox insan onu tanıya biləcək. Şəkiyə səyahət edən zaman qəhrəmanın ailə üzvləri ilə görüşdüm, onlar qəhrəmanın xatirəsini böyük fədakarlıqla qoruyurlar”.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. “Qəhrəman döyüşçülərin xatirəsinin yaşadılması tarixi yaddaşın qorunması baxımından vacibdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti bu dəyərlərin qorunmasına xidmət edir”,- deyə C.Xəlilov əlavə edib.
Əhmədiyyə Cəbrayılovun ailə üzvü Cavanşir Cəbrayılov tədbirin qəhrəmanın xatirəsinə göstərilən böyük ehtiramın nümunəsi olduğunu söyləyib.
Daha sonra qonaqlar Fransa səfirliyinin əməkdaşlarının hazırladığı videoçarxı izləyiblər.