Gürcüstanın Qardabani rayonunda 7 gəncin həyatını itirdiyi ağır qəza ilə bağlı yeni detallar məlum olub.
Busaat.az Aktual.ge-yə istinadən xəbər verir ki, yerli sakinlər həlak olanların, demək olar ki, eyni yaşda – 18 yaşlı gənclər olduğunu bildiriblər.
“Qəza evimin yaxınlığında baş verdi. Onlar mənim qonşularım idi. Hamısı yaxşı, tərbiyəli gənclər idi. Yüksək sürətlə hərəkət edirdilər və buna görə belə oldu. Demək olar, hamısı yaşıd idi – 18 yaşlılar. Birlikdə məşq edirdilər. Onlardan biri mənim övladıma boks öyrədirdi. Həlak olanlardan 2-si qardaş idi”, – yerli sakin deyib.
Qeyd edək ki, qəza bu gün səhər saatlarında baş verib. Nəticədə, 7 nəfər həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsinin səkkizinci hissəsi ilə aparılır. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur ki, bu da iki və ya daha çox şəxsin ölümünə səbəb olma ilə bağlıdır.