İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin artıq regional güc çərçivəsindən çıxaraq böyük bir dünya fövqəldövlətinə çevrilmək yolunda olduğunu bəyan edib. O, Rusiyada yaşamış bir mütəfəkkirin fikirlərinə istinad edərək deyib: "Bir mütəfəkkirin dediyi kimi – düzdür, o, Rusiyadandır – İsrail dövləti kiçik bir fövqəldövlətdir, amma bəli, o, fövqəldövlətdir". Baş nazir qeyd edib ki, İsrail artıq yalnız öz təhlükəsizliyini təmin etmir, həm də dünya siyasətinin formalaşmasında həlledici rol oynayır.
Bəs İsrailin gücü nədədir?
Musavat.com xəbər verir ki, Benyamin Netanyahunun “İsrail kiçik dövlət olsa da fövqəldövlətdir” fikri ilk baxışdan iddialı görünə bilər. Amma reallıqda İsrailin beynəlxalq siyasətdə təsir imkanları ərazisi və əhalisinin ölçüsü ilə müqayisədə həqiqətən də çox böyükdür. Bunun bir neçə əsas səbəbi var.

Ekspertlər hesab edir ki, ilk növbədə İsrailin gücü onun texnologiya və hərbi üstünlüyündən qaynaqlanır. İsrail dünyada ən inkişaf etmiş hərbi-sənaye komplekslərindən birinə malikdir. Kəşfiyyat, pilotsuz uçuş aparatları, raketdən müdafiə sistemləri, kibertəhlükəsizlik və süni intellekt sahəsində lider ölkələrdən hesab olunur.“Dəmir Qübbə” kimi müdafiə sistemləri İsrailin texnoloji üstünlüyünün simvoluna çevrilib. Kiçik ölkə olmasına baxmayaraq, İsrail ordusu regionda ən hazırlıqlı və ən modern ordulardan biridir. İkinci mühüm faktor ABŞ ilə strateji münasibətlərdir. İsrail Vaşinqtonun Yaxın Şərqdə ən yaxın müttəfiqidir. ABŞ Konqresində və siyasi dairələrində İsrailə ciddi dəstək mövcuddur. Bu münasibətlər İsrailə həm hərbi, həm maliyyə, həm də diplomatik üstünlük verir. ABŞ-ın qlobal gücü dolayısı ilə İsrailin beynəlxalq çəkisini artırır.
Digər vacib məsələ isə kəşfiyyat və təhlükəsizlik sistemidir. MOSSAD və digər xüsusi xidmət orqanları dünyada ən peşəkar strukturlardan sayılır. İsrail təhlükələri sərhəddən kənarda neytrallaşdırmaq strategiyasına üstünlük verir. Bu isə onun təhlükəsizlik doktrinasını digər dövlətlərdən fərqləndirir. İsrailin iqtisadi modeli də diqqət çəkir. Yüksək texnologiyalar, innovasiya və elmə yatırımlar İsrail iqtisadiyyatını gücləndirib. Dünyanın iri texnologiya şirkətlərinin İsraildə tədqiqat mərkəzləri fəaliyyət göstərir. Bu da İsrailin qlobal iqtisadi proseslərə təsir imkanlarını artırır.
Bununla yanaşı, İsrailin informasiya və diplomatik imkanları da güclüdür. Qərb mediasında və siyasi mərkəzlərində İsrailin mövqeyini müdafiə edən ciddi şəbəkələr mövcuddur. Ölkə beynəlxalq gündəmin formalaşdırılmasında aktiv iştirak edir və regional proseslərə təsir edə bilir. Ancaq “fövqəldövlət” anlayışına klassik mənada yanaşsaq, İsraili ABŞ, Çin və ya Rusiya ilə eyni səviyyədə qiymətləndirmək çətindir. Çünki fövqəldövlət statusu yalnız hərbi və texnoloji güclə deyil, həm də qlobal iqtisadi miqyas, demoqrafiya, enerji resursları və dünya miqyasında hərbi-siyasi təsir imkanları ilə ölçülür.
Etibar Seyidağa,
Musavat.com