Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Paytaxtın Nəsimi rayonunda soyğunçuluq edən 3 nəfər saxlanılıb. Zərərçəkən şəxs tanışlıq səhifələrinin birində ünsiyyətdə olduğu qadınla görüşmək üçün onun təyin etdiyi ünvana yollanıb. Qeyd edilən yerə çatanda isə tanımadığı şəxslər onun mobil telefonunu və kartında olan 110 manatını açıq talama yolu ilə ələ keçiriblər. Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı M.M., 20 yaşlı Z.H. və dəstənin 22 yaşlı qadın üzvü saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin paytaxtın digər ərazilərində də analoji əməllər törətdikləri məlum olub.Bu barədə Demokrat.az-a açıqlama verən hüquqşünas Rəşad Əliyev deyib ki, sosial şəbəkələr və tanışlıq platformaları artıq insanların gündəlik ünsiyyətinin bir hissəsinə çevrilib:“Cinayətkarlar da məhz bu etibar mühitindən istifadə edirlər. Son dövrlər bu tip soyğun və dələduzluq hallarının artmasının əsas səbəblərindən biri insanların virtual ünsiyyətdə qarşı tərəfi kifayət qədər yoxlamadan real görüşə razılaşmasıdır. Cinayətkarlar əvvəlcə psixoloji rahatlıq və etibar formalaşdırır, daha sonra isə qurbanı nəzarət edə biləcəkləri məkana yönləndirirlər. Burada diqqət çəkən məqam odur ki, hadisələr əvvəlcədən planlaşdırılır. Adətən bir nəfər sosial şəbəkədə ünsiyyət qurur, digər şəxslər isə sonradan prosesə qoşularaq soyğunçuluq və ya hədə-qorxu əməlini həyata keçirirlər. Bu isə artıq təsadüfi hadisə deyil, təşkilatlanmış cinayət modelidir. Azərbaycan qanunvericiliyinə görə, belə əməllər soyğunçuluq, quldurluq, dələduzluq və ya hədə-qorxu ilə tələb etmə kimi bir neçə maddə ilə tövsif oluna bilər. Əgər əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilibsə, bu, məsuliyyəti ağırlaşdıran hal hesab olunur”.O qeyd edib ki, açıq talama yolu ilə özgə əmlakının ələ keçirilməsi soyğunçuluq hesab edilir:“Bu əmələ görə şəxsləri bir neçə ildən başlayaraq 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Əgər zor tətbiqi, hədə-qorxu, silahdan istifadə və ya mütəşəkkil dəstə faktı müəyyən olunarsa, cəza daha da sərtləşə bilər. Bundan əlavə, kartdan pul çəkilməsi və ya bank məlumatlarından istifadə halları sübut olunarsa, əlavə maddələrlə də cinayət işi açıla bilər. Araşdırma zamanı həmin şəxslərin başqa analoji cinayətlərdə də iştirakının ortaya çıxması onların təkrar və sistemli şəkildə cinayət törətdiyini göstərə bilər ki, bu da məhkəmə zamanı ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Vətəndaşlar xüsusilə ilk görüşləri insanların az olduğu qapalı məkanlarda deyil, ictimai və təhlükəsiz yerlərdə keçirməlidirlər. Qarşı tərəfin kimliyi barədə minimum məlumat toplamaq, yaxınlara görüş yeri barədə məlumat vermək, bank kartı və şəxsi məlumatları nümayiş etdirməmək vacibdir. Şübhəli situasiya yaranan kimi ərazidən uzaqlaşmaq və dərhal polisə məlumat vermək lazımdır. Virtual məkanda yaradılan obrazla real şəxsin tamamilə fərqli olması halları çoxdur. Buna görə də sosial şəbəkələrdə tanışlıq zamanı emosional qərarlardan çox, təhlükəsizlik məsələləri ön planda saxlanılmalıdır”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.