Vətən müharibəsi şəhidi, baş leytenant, "Azərbaycan Bayrağı" ordenli Vüsal Sübbuh oğlu Babayevin həyat və döyüş yoluna həsr olunmuş "Şəhidlik and yeridir..." kitabın təqdimatı keçirilib.
"Far.Az" xəbər verir ki, kitabın müəllifi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət Məmmədovadır.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Vüsal Babayevə həsr olunan kitabı çox təsirli və gələcək nəsillər üçün dəyərli yaddaş kitabı adlandırıb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan xalqının qazandığı tarixi Zəfərin gələcək nəsillərə çatdırılmasında bu cür kitabların xüsusi əhəmiyyəti var. Onun sözlərinə görə, şəhid ailələrinin mənəvi dəstəyə ehtiyacı var və belə nəşrlər həmin ailələr üçün böyük təsəlli mənbəyidir.
Şəhidin həyat yoldaşı Aynur Babayeva çıxışında Vüsal Babayevin ailəsinə və vətəninə bağlı bir insan olduğunu bildirib. O qeyd edib ki, Vüsal hər zaman ailəsinin onunla fəxr edəcəyini deyirdi və bu gün ailəsi onun qəhrəmanlığı ilə qürur duyur.
Qeyd edək ki, V.Babayev 1992-ci il yanvarın 8-də Pirallahı rayonunda anadan olub. 1999–2010-cu illərdə Pirallahı rayon 186 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2014-cü ildə leytenant rütbəsi ilə məzun olub. Sonradan baş leytenant rütbəsinə yüksəlib, müxtəlif hərbi hissələrdə, o cümlədən ağır artilleriya komandiri vəzifəsində xidmət edib.
Vətən müharibəsi zamanı Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas etməyə çalışarkən qəhrəmancasına şəhid olub.
Şəhid baş leytenant Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
İki övladı - Selcan və Rüqəyyə yadigar qalan Vüsal Babayevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ailəsi tərəfindən onun şəxsi əşyaları Azərbaycan İstiqlal Muzeyinə təqdim olunub, Pirallahı rayonundakı məktəblərdən birinə isə şəhidin adı verilib.