"ABŞ və Çin liderləri arasında görüş çoxdan gözlənilirdii. Donald Tramp bir neçə dəfə Çin Xalq Respublikasına öz səfərini təxirə salıb. İranla olan gərginlik də əsas səbəblərdən biri idi. Tramp İran məsələsini həll etdikdən sonra necə deyərlər, Çinə hazırlıqlı vəziyyətdə yollanmağı planlaşdırırdı. Ancaq o planları pozan, o planların qarşısını alan məhz İranın müqaviməti oldu və İran bir daha göstərdi ki, o, neçə illərdir ki, bax bu müharibələrə hazırlıq görür, artıq onun həqiqətən də özünəməxsus həm qılıncı, qalxanı var və yeri gələndə o, fəal müdafiədən hətta fəal hücumlara belə keçməyə qadirdir".
Bu fikirləri Redaktor.az-a politoloq Tofiq Abbasov Pekində ABŞ Prezidenti Donald Trampla Çin Xalq Respublikasının sədri Si Cinpinin görüşündən danışarkən bildirdi.
Müsahibimizin sözlərinə görə, iri şirkətlər öz nümayəndələrini Trampın komandası ilə birlikdə Çin Xalq Respublikasına yollayıblar və bəlli olub ki, əsas diqqət mərkəzində olan problem dünyanın iqtisadi zonalara bölünməsidir:
"Əvvəl gündən bəlli idi ki, qlobalistlər, sonra ultraqlobalistlər bu məsələyə müxtəlif tərzdə münasibət bildirirlər. Onların fikrincə, ilk növbədə dünyanı şərti olaraq 12, maksimum 15 iqtisadi bölgəyə bölmək lazımdır ki, onların da idarə olunması iri biznes tərəfindən təmin olunsun. Ancaq bu, indi bəzi dairələrin istəyidir, onların hazırlığının nəticəsidir. Amma nə dərəcədə onların istəyi reallaşa biləcək, sonra qalan dünya bu proseslərə hansı münasibət göstərəcək, bu, ikinci məsələdir. Ona görə də indi Çinlə bağlı əsas məsələ, təbii ki, İran-Amerika qarşıdurmasıdır ki, bu məsələdə Çin birmənalı şəkildə İranın müttəfiqliyini təsdiqləyir. Digər tərəfdən isə Mark Rubio artıq xarici siyasət idarəsinin rəhbəri olaraq bildirib ki, əgər Çin İrana dəstəyini davamlı şəkildə göstərəcəksə, onda Çinin özünü böyük problemlər gözləyir, yəni Amerika Birləşmiş Ştatları bu məsələyə göz yummayacaq. Yəni bu, ilk növbədə Amerikanın çox yekəxana və saymazyana siyasətinin bariz göstəricisidir. İlk növbədə, Tayvan məsələsi ortadadır. Yəni Tayvan heç bir xarici dövlət və ya başqa bir xalq tərəfindən işğal edilməyib, sadəcə, orada yaşayan çinlilər kapitalizm üsul-idarəsinə pənah gətiriblər, hələ Çan Kayşinin dövründən. Ancaq bu, bir xalq, iki sistem deməkdir".

Siyasi şərhçi vurğuladı ki, müharibənin Tayvan uğrunda getməsi məsələsi bir qədər şişirdilmiş vəziyyətdir:
"Çünki qardaşın qardaşa heç vax silah qaldırmayacağını düşünmək olar. Sadəcə, onlar yumşaq güc vasitəsilə çalışacaqlar elə bir şərait formalaşdırsınlar ki, artıq barışıq yetişsin, yeni bir nəticə hasil edilsin, yəni qansız-qadasız, iki hissəyə bölünmüş xalq həm birləşsin, həm də vahid amalları və hədəfləri başa düşərək birgə çalışsın. Sirr deyil ki, bu yaxınlarda Tayvan hökumətinin parlamentinin spikeri Çinə yollandı, Pekində Si Cinpinlə görüş keçirdi və hətta Si Cinpin ona söz verdi ki, ən yaxın zamanlarda özü Tayvana, onun paytaxtı Taypeyə səfər edəcək. Yəni bu məsələ əlbəttə ki, bir qədər həssasdır, amma digər tərəfdən baxdıqda dünyada gedən müharibələr və onların itki, dağıntıları nəzərə alınarsa, belə başa düşmək olar ki, çinlilər bu məsələlərdən özlərini sığortalayacaqlar, həm yüksək səviyyəli siyasi etika nümayiş etdirəcəklər, həm də göstərəcəklər ki, kəskin problemlər təkcə güc yolu ilə deyil, yumşaq güclə də həll edilə bilər. Digər tərəfdən, dünya iqtisadiyyatında böyük, köklü dəyişikliklər gedir. ABŞ Çinin parçalanmasında və ya dağıdılmasında maraqlı deyil. Çünki faktiki olaraq Çin indiki zamanda məhz Amerika biznesi və Amerika investisiyaları hesabına qüdrət qazanıb və hələ də ABŞ Çin istehsal gücündən yararlanır, ondan faydalanır və inanmıram ki, oturduğu budağı öz əli ilə qırsın. Daha çox istehsal aqreqatlarının və istehsal gücünün bir hissəsinin Amerikaya təxliyə olunması, investisiya xətlərinin məhdudlaşdırılması və beləliklə Çinin payının yumşaq formada azaldılması ehtimal olunur.
İndi əlbəttə, bu danışıqlardan çox şey asılıdır. Çünki faktiki olaraq əvvəlcədən belə proqnozlar var idi ki, dünyanın gələcəyini iki supergüc müəyyən edəcək: biri Amerika, digəri isə Çin Xalq Respublikası. Amma burada Avropa İttifaqı, Rusiya, Braziliya kimi güc mərkəzləri də nəzərə alınmalıdır. Xüsusilə BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi strukturlar artıq Amerikanın hegemonluğuna qarşı çıxan mərkəzlər kimi çıxış edir və öz strateji baxışlarını formalaşdırır. Donald Tramp Çin Xalq Respublikasında açıq şəkildə bildirir ki, guya çox güclü danışıqlar gedir və böyük, ürəkaçan dəyişikliklər baş verəcək, hətta dostluq və yaxınlaşma mümkün olacaq. Amma Trampın təmtəraqlı və emosional çıxışları çox vaxt əvvəlcədən optimist görünür, sonradan isə fərqli mövqelər ortaya çıxır. Ona görə də tələsməmək lazımdır. Həm də yalnız Trampın dediklərinə köklənmək yox, daha çox Çin tərəfinin mövqeyini də dinləmək lazımdır ki, Pekində bu məsələlər necə qiymətləndirilir və Çin Kommunist Partiyası ABŞ ilə münasibətlərin gələcəyini necə görür".
NURİYYƏ