Ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da yerlərdə əhalini narahat edən məsələlərin araşdırılması və operativ həllinə nail olmaq məqsədi ilə mütəmadi olaraq vətəndaşların səyyar qəbulları təşkil olunur. Ağstafa RİH başçısının müvafiq qrafikə uyğun olaraq Tatlı və Qırılı kəndlərində keçirdiyi növbəti səyyar qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların məsul şəxsləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
RİH başçısı çıxışlarında vurğulayıb ki, hazırda dünyada cərəyan edən mürəkkəb proseslərin, qanlı toqquşmaların, müharibələrin fonunda xalqımız sabitlik, inkişaf və sülh mühitində yaşayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qazandığı şanlı Zəfər sayəsində tarixinin ən güclü, qüdrətli, nüfuzlu çağlarına yetişib. Bu gün ölkəmizdə istənilən sahədə – iqtisadi, sosial, hərbi sahələrdə müşahidə edilən sürətli inkişaf da bunu deməyə əsas verir.
Səyyar qəbullarda müxtəlif məzmunlu məsələlər səsləndirən vətəndaşların müraciətləri qeydiyyata alınıb. Məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, o cümlədən aidiyyəti məsul şəxslərə müvafiq tövsiyələr və nəzarət qaydasında tapşırıqlar verilib.
