ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 14 may, AZƏRTAC
Onun şəxsi arxivində Heydər Əliyevlə 700 mindən çox şəkil var. Əlbəttə, Ulu Öndərlə bağlı bu qədər şəkil çəkən başqa fotoqraf tapmaq mümkün deyil. Çünki o, nə az, nə çox, düz 10 il -1993-cü ildən 2003-cü ilədək Heydər Əliyevin şəxsi fotoqrafı olub. Ulu Öndərlə bağlı fotosessiya da edib, Prezident İqamətgahında da, xarici ölkələrə səfər zamanı da, təyyarədə olanda da, evdə də, istirahət vaxtı da... şəkillərini çəkib. Bir sıra tarixi xatirələri yaddaşında saxlayan həmin fotolar müdrik dövlət rəhbərinin, xalqımızın Ümummilli Liderinin həyatının ən mühüm məqamlarını əbədiləşdirib. Həmin fotolara hər yerdə - televiziya ekranlarında, qəzet və kitab səhifələrində, filmlərdə rast gəlmək olar. Lakin bu unudulmaz və tarixi şəkillərin müəllifini heç də hamı tanımır...
Söhbət ustad fotoqraf Rafiq Bağırovdan gedir. Halbuki o, özünü həvəskar fotoqraf hesab edib. Onun şəkilləri 1993-cü ilin payızında o vaxt Ali Sovetin sədri olan Heydər Əliyevin diqqətini cəlb edib. Onun özü həmin hadisəni xoş hisslərlə xatırlayır: “Heydər Əliyev Ali Sovetin sədri ikən prezidentliyə namizəd idi. Xəbər gəldi ki, onun portret şəkillərini çəkmək lazımdır. Düzü, mən bu işi boynuma götürmədim, razılıq vermədim. Heydər Əliyev kimi dünyaşöhrətli bir siyasətçinin şəkillərini çəkməyə özümü hazır hesab eləmirdim. Amma bir xeyli tərəddüddən, götür-qoydan sonra dəvəti qəbul elədim. İki saatdan çox çəkiliş apardım. Şəkilləri kiçik formada çıxarıb apardım. Həmin şəkillərin 20-25 ədədini seçib dedilər ki, Heydər Əliyevin baxması üçün bunları iri formatda çap elə. Həmin şəkilləri iri formatda çap edəndən sonra Milli Məclisə aparıb Heydər Əliyevə göstərməli oldum. O, şəkillərə bir-bir və çox diqqətlə baxıb incələdi. Sonra mənə baxıb dedi ki, sən mənimlə işləyəcəksən”.
Rafiqin Prezidentin şəxsi fotoqrafı olmağı belə qəfil, gözlənilmədən və həm də bir növ təsadüfən olub. Sonralar Prezident Administrasiyasının Mətbuat şöbəsində onun üçün ştat açılıb.
Təcrübəli foto ustası Ulu Öndərlə işlədiyi illəri xatırlayaraq deyib: “Heydər Əliyev fotolara çox dəyər verən rəhbər idi. İşində nə qədər tələbkar idisə, fotolara da elə yanaşırdı. Mənə demişdi, ola bilər ki, hansısa tədbirdə, görüşdə görərsən ki, qalstukum əyridir, ya pencəyim yaxşı görünmür və sair. Qətiyyən çəkinmə, yaxınlaş və mənə de. Amma onu da deyim ki, o qədər səliqəli, geyim-keciminə fikir verən adam idi ki, belə bir hal, demək olar ki, olmayıb”.
O, jurnalist ailəsində dünyaya gəlib. Atası "Elm və həyat" jurnalının baş redaktoru olub. Özü isə fotoqraf kimi əmək fəaliyyətinə Azərbaycanda Dövlət Televiziyasında kino lentlərinin araşdırılması sexində başlayıb. İxtisasca filoloq olsa da, ömrünü fotoqrafiyaya bağlayan Rafiq Bağırov növbəti ad gününü qeyd edir.
“O, mənim fotoqrafiya müəllimim olub. Heydər Əliyevin bilmədiyi, başı çıxmadığı, demək olar ki, heç bir sahə yox idi. Mən də onun kimi dəyərli bir şəxsiyyətin şəxsi fotoqrafı olduğum üçün daim öyrənir, daim öz üzərimdə işləyirdim. Amma ən mühüm məsələləri məhz Ulu Öndərin özündən öyrənmişəm. Hətta peşəmin incəliklərini də...”, - deyən ustad fotoqrafın ömür yelkəni səksəninci sahilə doğru tələsir. Dünyaşöhrətli siyasi lider Heydər Əliyevin foto yaddaşı olan Rafiq Bağırovun sinəsi xatirələrlə doludur. Çünki, o xalqımızın həyatında çox böyük rol oynayan 1993-2003-cü illərdə Ulu Öndərin həyatının hər anını izləyib, onunla səfər və xatirə yoldaşı olub...




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.