AZ

"Süni intellekt mənim yazımı necə yoxlayacaq?" - Mütəxəssisdən DİM-ə sual

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin sözlərinə görə, elektron imtahanlarda markerlərin əvəzinə yazı işlərini süni intellekt yoxlaya bilər, lakin bunun üçün hüquqi baza formalaşdırılmalıdır.

Bəs süni intellektlə yazı işlərinin yoxlanması necə həyata keçirilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan AzEdu Təhsil Platformasının rəhbəri, elm və təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri bildridi ki, bu vacibdir. 

Müsahibimiz düşünür ki, bu məsələ təkcə hüquqi baza ilə məhdudlaşmır:

"Məsələnin həm də mexanizm tərəfləri və tətbiqi yönləri var. Bu necə olacaq? Dünya təcrübəsində necədir? Mənim məlumatıma görə, dünya təcrübəsində fərqli-fərqli qiymətləndirmə mexanizmlərindən istifadə edən ölkələrdə süni intellektə müraciət o qədər də çox deyil. Süni intellekt elə bir meyardır ki, 3 ay bundan əvvəlin statistikası ilə indinin statistikası arasında fərqlər çoxdur. Ola bilsin ki, indi artıq buna ehtiyaclar daha çoxalıb. Gələcəkdə də olacaq və buna heç kəsin şübhəsi olmasın. Fikrimcə, bizdə də imtahan nəticələrinin qiymətləndirilməsində süni intellekt öz rolunu oynayacaq. Eyni zamanda düşünmürəm ki, bu, markerlərdən, yəni canlı insan qüvvəsindən daha az səmərə verəcək. Sadəcə məni düşündürən bir sual var. Bunun modeli necə olacaq? Tutaq ki, mən imtahanda iştirak etmişəm, buraxılış imtahanı vermişəm, yazı materialımı yazmışam. Süni intellekt mənim yazımı necə yoxlayacaq? Hansı modulla? Çox istərdim ki, bununla bağlı məsələlərə də diqqət yetirilsin. Bunlar çox açıq suallardır. Hüquqi baza ilkin addımdır, amma məni bunun tətbiqi bazası da maraqlandırır. Hüquqi bazanın formalaşdırılmasının çətin proses olduğunu düşünmürəm. Düzdür, çətindir, amma modellərin təyinatı ilə müqayisədə çətin proses deyil. Tədqiqat aparaq ki, beynəlxalq təcrübədə bu necə sınaqdan keçirilib, hansı uğuru verib və mənim qəti şübhəm yoxdur ki, DİM artıq bunu edib, etmirsə də, bunu mütləq edəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
31
1
redaktor.az

2Mənbələr