AZ

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

ABŞ administrasiyası hazırda diqqətini Yaxın Şərqdəki təhlükəsizlik məsələlərinə və bunun qlobal iqtisadiyyata təsirlərinə yönəldib. Prezident Donald Trampın son açıqlamaları və administrasiya nümayəndələrinin şərhləri ölkənin xarici siyasət prioritetlərini ortaya qoyur.

“ABC News” xəbər verir ki, Prezident Donald Tramp Çinə səfəri öncəsi verdiyi bəyanatda ABŞ-nin regiondakı əsas strateji məqsədini açıqlayıb. O bildirib ki, hazırkı mərhələdə ən vacib məsələ İranın nüvə proqramı ilə bağlı yaranmış vəziyyətdir. Trampın sözlərinə görə, regional təhlükəsizliyin təmin olunması üçün İranın nüvə silahına sahib olmaması mütləq prioritetdir və bütün diplomatik səylər bu istiqamətə fokuslanıb.

ABŞ-də enerji qiymətlərinin artması və inflyasiyanın son üç ilin ən yüksək həddinə çatması daxili siyasətin əsas mövzusuna çevrilib. Vitse-prezident Cey Di Vens qeyd edib ki, hökumət iqtisadiyyatı gücləndirmək üçün “böyük işlər görməli olduğunu” yaxşı anlayır. O, Prezidentin xalqın rifahı və ölkədəki maliyyə sabitliyi ilə bağlı məsələləri daim diqqətdə saxladığını vurğulayıb.

Nümayəndələr Palatasının spikeri Mayk Conson isə qeyd edib ki, ABŞ-nin xarici siyasətdəki addımları həm də iqtisadi sabitliyə xidmət edir. O, Hörmüz boğazının tam təhlükəsiz fəaliyyətinin bərpa olunmasının vacibliyini xatırladıb: “Boğazın fəaliyyətinin tam stabilləşməsi benzinin qiymətlərindəki təzyiqi azalda bilər. Tramp administrasiyası münaqişənin həlli və ticarət yollarının açılması istiqamətində xüsusilə çalışır.

Hazırda ABŞ rəsmiləri daxili iqtisadi göstəriciləri yaxşılaşdırmaq üçün həm diplomatik kanalları, həm də iqtisadi tənzimləmə məsələlərini aktiv şəkildə nəzərdən keçirirlər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr