AZ

Bu xətt hara gedir: Yollarda nə baş verir?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son dövrlərdə yol hərəkətinin təşkili ilə bağlı ən çox müzakirə olunan problemlərdən biri yol nişanlanmasının qeyri-kafi və bəzən qeyri-aydın olmasıdır.

Xüsusilə böyük şəhərlərdə və sıx nəqliyyatın olduğu ərazilərdə asfalt üzərində çəkilən xətlərin sürücülər tərəfindən vaxtında və düzgün qavranılmaması ciddi çətinliklər yaradır. Bu isə həm hərəkətin axıcılığına təsir edir, həm də inzibati cərimələrlə bağlı mübahisələrə səbəb olur.

Mövcud vəziyyət göstərir ki, yol nişanlanması yalnız yerüstü xətlərə əsaslananda praktiki nəticə vermir. Sürücülər tıxac, nəqliyyatın intensivliyi və diqqət dağınıqlığı səbəbindən bu işarələri vaxtında görə bilmir. 

Halbuki beynəlxalq təcrübədə yol hərəkətinin istiqamətləndirilməsi daha çox şaquli nişanlar və sürücünün birbaşa görmə sahəsində yerləşən göstəricilər üzərindən həyata keçirilir.

Niyə müasir şəhərlərdə olan daha aydın nişanlama bizdə tam tətbiq edilmir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, şəhərlərdə yol infrastrukturu bir qurumun layihəsi əsasında formalaşmır:

“Bu prosesdə müxtəlif maraqlı tərəflər və aidiyyəti qurumlar iştirak edir. Yol hərəkətini təşkil və tənzimləyən qurumların koordinasiyası və razılığı əsasında infrastruktur işləri mərhələli şəkildə həyata keçirilir.

İnfrastruktur qurularkən bütün işlərin eyni anda görülməsi mümkün olmur. Məsələn, əvvəlcə yollarda xətlənmə işləri aparılır, daha sonra yol nişanları quraşdırılır və istiqamətlər müəyyən edilir.

Digər vacib infrastruktur elementləri, işıq dirəklərinin basdırılması, kameraların quraşdırılması, svetoforların təşkili isə sonrakı mərhələlərdə həyata keçirilir. Yəni bütün bu işlərin eyni vaxtda tamamlanması real deyil”.

Onun sözlərinə görə, ölkədə bəzi sürücülərin avtomobil idarəetmə tərzinə baxdıqda xətlənmənin niyə müəyyən yerlərdə daha sərt şəkildə tətbiq olunduğunu anlamaq mümkündür:

“Bəzi sürücülər öz zolağı ilə hərəkət etməyi bacarmır, düz xətti keçərək sağa və sola riskli manevrlər edirlər. Onlar yalnız öz hərəkətlərini düşünürlər. 

Halbuki yola çıxan hər bir sürücü həm özünün, həm də digər hərəkət iştirakçılarının rahat, sərbəst və maneəsiz hərəkətini təmin etməlidir. Təəssüf ki, bunu hər zaman müşahidə etmirik”.

Ekspert qeyd edib ki, yollarda hər gün məsuliyyətsiz sürücülər səbəbindən baş verən qəzalar da bunu göstərir:

“Burada əsas səbəblərdən biri sürücülərin öz zolağı ilə hərəkət etməməsi və qəfil manevrlər etməsidir. Zolaqlar da məhz ona görə müəyyən qaydada təşkil olunur ki, bir sürücü digər hərəkət iştirakçılarına maneə yaratmasın. 

Hazırda bəzi sürücülərdə çaşqınlıq yaranır ki, “bu xətt hara gedir?”, “bu xətt nə üçündür?”. Bunun əsas səbəblərindən biri maariflənmənin aşağı olmasıdır.

Bəzi sürücülər yol xətlərinin və nişanların mənalarını belə bilmirlər. Bu da yollarda əlavə problemlərin yaranmasına səbəb olur”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

yollar Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr